2023-cü il ərzində respublika əhəmiyyətli 418,8 km, yerli əhəmiyyətli 418,5 km, Bakı şəhər yollarının 44,4 km-i daxil olmaqla ümumilikdə 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2023-cü il üzrə hesabatında qeyd edilib.
2023-cü ildə Daxili İnvestisiya hesabına yerinə yetirilən respublika əhəmiyyətli layihələr üzrə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 150 km hissəsinin tikintisi (150 km, 4 hərəkət zolaqlı) başa çatdırılıb.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən başlayaraq 129 km hissəsinin ödənişli əsaslarla istismar edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin icrası həyata keçirilir.
2023-cü il ərzində M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı) və M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan-Biləsuvar hissəsinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilib.
Qeyd edək ki, uzunluğu 130,15 km olan I dərəcəli avtomobil yolunun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2024-cü ilin I yarımilliyində başa çatdırılması nəzərdə tutulur.
M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan-Biləsuvar hissəsinin yenidən qurulması layihəsi üzrə yerinə yetirilən işlərin fiziki tərəqqisi isə 42%-ə çatdırılıb. Uzunluğu 71 km olan II texniki dərəcəli sözügedən avtomobil yolunun tikintisi işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.