Azərbaycanın Əməkdar artisti, uzun illər Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərən 68 yaşlı Əlican Əzizov vəfat edib.
Bu barədə teatr məlumat yayıb.
Qeyd edək ki, Əlican Süleyman oğlu Əzizov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakültəsini bitirib, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərib. Bu illər ərzində o, zəngin yaradıcılıq təcrübəsi toplayaraq, saysız-hesabsız xarakterik, yaddaqalan, orijinal obrazlar yaradıb.
1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirib və 2000-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. Ümumilikdə, ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr edib.
Ə.Əzizov “Komsomol” poemasında Bəxtiyar, “Vaqif”də Vidadi, “Aydın”da Dövlət bəy, “Almaz”da Fuad, “1905-ci ildə” Volodin, “Dairəni genişləndirin” əsərində Sergey Uqolkov və s. obrazlar yaradıb.
Gəncə Dövlət Nizami Poeziya Teatrında fəaliyyəti dövründə, N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaradıb, “Xeyir və Şər”, “Gül və Zəhər” əsərlərinin quruluşçu rejissoru olub. Bununla yanaşı o, A.Murovdağlının “Alın yazısı”, M.Alimin “Gül və Zəhər”, A.Babayevin “Memarın məhəbbəti”, Z.Xəlilin “Gəncə qartalı” əsərlərində quruluşçu rejissor olub.
Ə. Əzizov “Azərbaycanfilm”in istehsalı olan “Süd dişinin ağrısı”, “Dairə”, “Şahid qız” filmlərində Kərimin atası, Arif və kapitan Mikayılov rollarını ifa edib.
M.Kərimin “Odu atma Prometey” əsərində Əcəmşah roluna görə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin mükafatını alıb.
2006-cı ildə o, Prezident mükafatına layiq görülüb.