“Gələn ay Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində ehtimal edilən kütləvi məzarlıqda ekspedisiya qrupu tərəfindən qazıntı işləri aparılacaq”.
Bunu müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb:
“Onlardan 3 171 nəfəri hərbçi, 719-u mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 nəfər yaşlı insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hazıra kimi məlumat vermir.
I Qarabağ müharibəsi dövründə itkin düşmüş həm azərbaycanlılar, həm də ermənilər vaxtilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə itkin düşmüşlər və sözsüz ki, həmin şəxslər barəsində məlumatlar Ermənistan tərəfindədir. Ancaq Ermənistan tərəfi bütün sahələrdə olduğu kimi, humanitar məsələ ilə bağlı sahədə də konstruktiv mövqe nümayiş etdirmir. Ümid edək ki, qarşı tərəf içindəki insanlıq hisslərini dinləyərək itkin düşmüş şəxslərin sonrakı taleyi, xüsusən də məzar yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim edəcək. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılması qarşı tərəfin məsələyə konstruktiv münasibətindən çox asılıdır”.
E.Səmədov qeyd edib ki, itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsinə mane olan digər səbəb isə işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir:
“Qeyd edim ki, cari ilin may ayında Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində ehtimal edilən kütləvi məzarlıqda ekspedisiya qrupu tərəfindən qazıntı işləri aparılacaq. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) cari ilin əvvəlindən həmin ərazidə müvafiq təmizləmə işləri aparır. Ərazidən xeyli sayda mina və partlamamış hərbi sursat aşkarlanıb. Ərazi mina və partlamamış hərbi sursatlardan tam təmizləndikdən sonra orada müvafiq qazıntı işləri aparılacaq”.