Füzuli rayonunda şəhid qəbiristanlığı baxımsız vəziyyətdədir.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, bura Bala Bəhmənli kənd qəbiristanlığıdır.
Qəbiristanlıqda 1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan naməlum 14 şəhidin məzarı var. Məzarlar isə 26 ildir ki, bərbad, baxımsız vəziyyətdə qalıb.
Yayılan fotoların yeni və köhnə olmasını, eləcə də iddia edilən ərazidə lentə alınmasını dəqiqləşdirmək üçün Oxu.az Füzuli rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdı. İcra Hakimiyyətində qoyulan telefon nömrələrinə cavab verən olmadı.
Nəhayət icra başçısının müavini Süleyman Əliyev telefonlarımıza cavab verdi. İclasa girəcəyini bildirərək bizi digər müavin olan Gülbahar Eyvazovaya yönləndirdi.
G.Eyvazova Oxu.Az-a bildirib ki, sözügedən qəbiristanlıqda məzarların üstünün örtülməməsinin səbəbi ailələri tərəfindən nə zamansa tapılma ehtimallarının olmasıdır:
“Orada 14 naməlum şəhid məzarından söhbət gedirsə, onların üstü nə zamansa yaxınlarının istəyi ilə açıla bilər. Amma təmizliyinə baxılır. İcra Hakimiyyəti, bələdiyyə buna nəzarət edir. Amma qəbirlərin üzərinin sementlənib, mərmər düzülməməsinin tək səbəbi ailələri tapıldıqca qəbirlərin açılmasıdır. Bəlkə də foto köhnə çəkilişdir, qəbiristanlıqda elə vəziyyət ola bilməz”.
Sonda G.Eyvazova bizi İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevə yönləndirərək, daha ətraflı məlumat ala biləcəyimizi qeyd etdi.
B.Niftəliyev isə hazırda rayonda olmadığını qeyd etsə də sualımıza cavab verməyə çalışdı:
“Mütəmadi olaraq, qəbiristanlığa baxılır. Ola bilər ki, ot-alaq çoxalıb. Amma hardasa üç gün bundan öncə Bala Bəhmənli kənd bələdiyyə sədri Seymur Əliyev və Horadiz şəhər bələdiyyə sədri Tural Nəbiyev tərəfindən məzarların abadlaşdırılması, ətrafının təmizlənməsi istiqamətində işlər görülməsi tapşırılıb. Hazırda oranın təmizliyi, abadlığı üçün işlər görülür”.
Ərazidən özü və ya hər hansı nümayəndə vasitəsilə bizə foto, video materialların göndərilməsini xahiş etsək də, buna imkanının olmadığını deyərək, bizi Horadiz şəhər bələdiyyə sədri Tural Nəbiyevə yönləndirdi.
Daha maraqlı məqam isə bizə Horadiz şəhər bələdiyyə sədri kimi təqdim edilən Tural Nəbiyevin özünün bələdiyyə sədri olmadığını deməsidir.
Sadəcə müəllim olduğunu deyən T.Nəbiyev isə bildirdi ki, ərazidə təmizlik işləri və qəbiristanlığa baxım məsələsində heç bir aidiyyəti quruma müraciət etmədiklərini dedi:
“Biz bu məsələdə Füzuli camaatı olaraq birlikdə iş görürük. O dövrdə Horodizdə döyüş gedən zaman ən təhlükəsiz yer Bala Bəhmənli olub. Elə o tanınmaz halda olan şəhidləri də məhz burada dəfn ediblər. Qəbirlərin bir neçəsinin ailə yaxınları tapılıb və məzar açılaraq çıxarılıb. Bu səbəbdən də məzarların üzəri bağlanmır.
Amma təmizlik məsələsində əraziyə baxış keçiriləcək. Təmizləməyə ehtiyac yoxdur, ərazidə iş gedəndə beton töküləcək, məzarların ətrafı haşiyəyə alınacaq. Orada mənim bildiyimə görə, balaca tikanlar çıxıb, o da o qədər qüsurlu deyil. Yəqin ki, işlər görüldükdən sonra əraziyə daha yaxşı baxılacaq”.
Bir məsələ ilə bağlı bir neçə nəfərə müraciət etsək də, hazırda qəbiristanlığın mövcud vəziyyəti ilə bağlı bizə foto, video material göndərilmədi. Naməlum şəhid məzarlarının olduğu qəbiristanlığın mövcud vəziyyətinin iddia edildiyi kimi olduğuna inanmaq isə utancvericidir.