“Kəlbəcərin Başlıbel və Xocavəndin Edilli kəndlərindən sonra indi də Füzulinin Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın aşkarlanması üçün minatəmziləmə işləri aparılır. Ərazi hədsiz dərəcədə minalanıb”.
Bunu Füzulinin İşıqlı kəndində minatəmizləmə prosesini icra edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Vüsal Quliyev əraziyə səfər edən xarici səyyahlarla görüşdə deyib.
“Ehtimal olunur ki, Ermənistan əvvəl-axır bu kütləvi məzarlığın yerinin bilinəcəyini təxmin edib, ona görə də törətdiyi müharibə cinayətini ört-basdır etmək, yaxınlarının, doğmalarının qalıqlarını axtaran insanların ölümünə səbəb olmaq üçün kütləvi məzarlığın üstünü və ətrafını minalayıb. Bu, Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə xas üslubdur, azad edilmiş ərazilərdəki adi qəbiristanlıqlar, məzarlıqlar da minalanıb, insanların sümükləri çıxarılıb, qəbirlərdə qızıl dişlər axtarılıb”.
ANAMA nümayəndələri əraziyə səfər edən beynəlxalq səyyahlara məlumat verib ki, son 10 gün ərzində Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olması güman edilən ərazidə 31 ədəd tank əleyhinə mina aşkarlanıb, burada işarələnmiş 4 hektarlıq ərazinin hələlik cəmi 0,17 hektar hissəsində, yəni ümumi sahənin 4,2%-ində minatəmizləmə fəaliyyəti icra edilib. Bu isə o deməkdir ki, qarşıda hələ aşkarlanması gözlənilən minalar daha çoxdur, xüsusilə əraziyə daha yüksək tələfata, daha ağır xəsarətlərə hesablanmış tank əleyhinə minalar döşənməsi diqqətçəkicidir.
Qeyd olunub ki, Füzulinin Aşağı Seyidəhmədli kəndində minatəmizləmə fəaliyyəti davam etdirilir.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə Vətən müharibəsindən indiyədək minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 81 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb, onlardan 14 minə yaxını tank əleyhinə minalardır.