Futbolçu Azərbaycandan ayrılarkən problemlə üzləşib – Klubdan AÇIQLAMA

0
308

“Aktaudan Bakıya iki günə yük gəmisi ilə gəlmişəm. İndi də Qazaxıstana qayıdanda eyni şeyi etməyə hazır idim. Ancaq mənə dedilər ki, orada bütün məsələləri özün həll et. Mən buna cəhd etdim, amma işə yaramır. Klubdan bir açıqlama lazım idi. Sonra təyyarə ilə uçmaq da mümkün olardı. Ancaq heç bir açıqlama verilmədi. Sonda buna görə klubdan ayrılmağa qərar verdim, çünki özümə qarşı bu münasibətdən məyus oldum”.

Bu sözləri sports.kz saytına müsahibəsində “Sumqayıt”dan iki gün əvvəl ayrılmış qazaxıstanlı futbolçu Kərəm Sultanov deyib.

O, klubdan ayrılmasının artıq çəki ilə bağlı olmadığını da sözlərinə əlavə edib. Futbolçu qeyd edib ki, artıq çəkisinin olması koronavirus pandemiyasına görə normal məşq etməməsi ilə bağlı olub.

“Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov isə bildirib ki, futbolçu özü komandadan getmək istədiyini onlara bildirib:

“O, Azərbaycana gəlməmişdən qabaq bir ildən artıq olardı ki, zədəli idi. Məşqçilər heyəti onun əvvəlki oyunlarını bəyənərək komandaya dəvət etmişdi. Lakin Azərbaycana gələndə onun 10 kiloqram artıq çəkisi vardı.

Onun Qazaxıstandan Azərbaycana gəlməsi çox çətin məsələ idi. Həmin ərəfədə oradan heç bir nəqliyyat, demək olar ki, işləmirdi. Məhz “Sumqayıt”ın Azərbaycanın Qazaxıstandakı səfirliyinə müraciətindən sonra Kərəm dəniz yolu ilə paronla (yük gəmisi) ölkəmizə gəldi.

Onun getməsinə gəlincə, özünə klub tapmasını istəmişdik. Tapsa, problemsiz ayrıla bilərdi. Lakin sonda özü şəxsən klub rəhbərliyi ilə danışığında getmək istədiyini bildirib və sağollaşıb. Məhz buna görə də onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib”.

Qeyd edək ki, “Sumqayıt”la ötən ilin avqustun 15-də 1+1 illik müqavilə bağlamış Kərəm Sultanov Qazaxıstanda doğulmuş ahısxa türküdür. Lakin onun Qazaxıstan pasportunda milliyyəti azərbaycanlı kimi göstərilib.