Futbol millimizin yeni baş məşqçisi: “Heç vaxt işimdən qovulmamışam”

0
602

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi “CBC Sport” kanalında yayımlanan “Təkbətək” verilişinin qonağı olub.

İtaliyalı mütəxəssis söhbət zamanı görüləcək işlərdən bəhs edib.

– Sizinlə ilk televiziya müsahibəsində görüşməyimizə şadıq. Bakı və Azərbaycanla bağlı ilk təəssüratlarınız necədir?

– Bakı… Belə deyilməlidir, hə?

– Bəli, Bakı…

– Bakıda ilk dəfə beş-altı il əvvəl olmuşam. “Qarabağ”ın oyununa baxmaq üçün gəlmişdim. O zaman Ansi Aqolli və Admir Teli orada çıxış edirdi. Dərhal fərqinə vardım ki, çox gözəl şəhərdir. Yaşamaq üçün hər cür şərait var. Şəhər məni yaxşı mənada çox təsirləndirdi.

– Azərbaycana gəldiyiniz gün dərhal yoxlama oyununa gedib baxdınız. Maraqlı nə gördünüz?

– Əvvəlcə “Sabah” – “Qəbələ”, sonra isə “Sabah” – “Qarabağ” oyunlarına baxdım. Bu, futbolçuları daha yaxşı tanımaq baxımından vacibdir. Onlarla hələ şəxsən tanış deyiləm, amma köməkçilərimlə birgə “Wyscout” vasitəsilə milli komandanın bütün oyunlarını izləmişik, hərtərəfli analiz etmişik. İndi artıq daha yaxından baxıb, komandanı anlamağa ehtiyac var. “Sabah” – “Qarabağ” oyunu çox maraqlı keçdi. Hər iki komanda keyfiyyətlidir. “Qarabağ” qələbə qazandı, lakin hər iki tərəf yaxşı futbol göstərdi.

– Azərbaycan millisini çalışdırmaq təklifi gələndə ilk olaraq kimlə məsləhətləşdiniz? Sabiq kapitanınız Ansi Aqolli sizə nələr danışdı?

– Onu deyim ki, bir neçə il əvvəl Elxan Məmmədovla Parisdə tanış olmuşduq. Bir-birimizi çox gözəl başa düşdük. O zaman mən Albaniya millisini çalışdırırdım. Azərbaycan millisindən təklif gələn kimi Ansi ilə söhbətləşdim. O, mənə oğlum, kiçik qardaşım kimidir. Azərbaycan reallıqlarından mənə çox danışdı. Burada doqquz il oynadığı üçün Azərbaycanın futbol sahəsinə çox yaxşı bələddir. İnformasiya mənasında Aqollidən eşitdiklərim mənim üçün çox faydalı oldu.

– Siz Roberto Bordindən sonra Azərbaycanda çalışan ikinci italyan baş məşqçisiniz. Onu tanıyırsınız?

– Hə, “Neftçi”də işləyib…

– Bəli, “Neftçi”ni çalışdırdı və açıq demək lazımdır, Azərbaycan macərası o qədər uğurlu alınmadı.

– Belə şeylər baş verir. Bəzən istədiyini həyata keçirmək, yaxud potensialını tam açmaq üçün ixtiyarında lazımi şərait olmur. Xaricdə işləmək üçün ağıllı, xarakter mənasında elastik olmaq vacibdir. Ölkənin, xalqın və çalışdırdığın komandanın ruhunun, fəlsəfəsinin dərinliklərini anlamaq lazımdır. Bura gəlib, “mən italyanam, məşqçiyəm, indi sizə hər şeyi öyrədəcəyəm” deyə bilməzsən. Balansı qorumaq, ağıllı olmaq və əlindəki futbolçuların potensialını maksimum açmaq üçün çalışmalısan.

– Ümumiyyətlə, xaricdə işləmək asan deyil. Sizin çox da yaxşı tanımadığınız ölkəyə gələrkən hansısa narahatlığınız varmı?

– Albaniya mənim üçün ilk xarici təcrübələrdən biri idi. Özü də elə bir ölkə idi ki, Avropa çempionatının final mərhələsinə getmək ağıllarından belə keçmirdi. Amma həyatda belə şeylərə inanmaq, ümidlə yaşamaq lazımdır. Hər şeydən əvvəl inanmalısan, inanmırsansa, heç nə qazanmayacaqsan. Burada da qalib psixologiyası formalaşdırmalıyıq. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün var gücümüzlə çalışmalıyıq. Əvvəlcə daxilimizdəki o gücü tapmalı, sonra onu meydana daşımalıyıq.

– Azərbaycan və İtaliya – hər ikisi cənub ölkəsidir, bənzər mentalitetimiz var. Bir çox bənzərliklərimiz, hətta eyniliklərimiz mövcuddur. Necə düşünürsünüz, bu cür məqamlar sizə işinizdə kömək olacaqmı?

– Futbolçu kimi Palermoda oynamışam. İtaliyanın ən cənubu. Özüm ölkənin şimalındanam, Venesiyanın yaxınlığında yaşayıram. Şimalla cənub arasında mental fərqlər var. Əvvəl də dediyim kimi, mütləq bu mentaliteti anlamaq, açıqfikirli olmaq lazımdır. Düşünürəm ki, hər bir insanın ürəyinin dərinliyində həyatda bir iz qoymaq istəyi, arzusu var. Mən əvvəlcə futbolçularımın bu istəklərinin hansı səviyyədə olduğunu bilməliyəm. Ondan sonra çalışacağıq. Alınar, ya alınmaz, bu başqa. Amma ürəkdəki istəyi tapıb ortaya çıxarmaq lazımdır.

– Azərbaycan millisinin gələcək oyun üslubu barədə danışmaq istərdim. Hamımız anlayırıq ki, futbolçu potensialımız o qədər də geniş deyil. Milli ilə bir neçə əcnəbi məşqçi çalışıb. Foqtsun dönəmində komanda daha çox müdafiəyə meyilli oyun göstərirdi, Prosineçki ilə isə daha çox hücuma meyilli. Nəticələr haradasa…

– Aşağı-yuxarı eyni idi, hə?

– Bəli, amma Foqts belə oyun tərzinə görə daha çox tənqid olunurdu.

– Əslində, Albaniya millisində işləyəndə məni də tənqid edirdilər. Düşünürdülər ki, müdafiəyönlü futbol göstəririk. Lakin o müddətdə vurduğumuz qolların sayı buraxdıqlarımızdan daha çox idi. Bu, çox vacibdir. Məğlubiyyətdən daha çox qələbə qazandıq. Bu da vacibdir. Və əsas məsələ – qarşımıza qoyduğumuz məqsədə çatdıq. Ümumiyyətlə, bir şey deyim: təsəvvür edin ki, Hemiltonun avtomobilini idarə edirsiniz. İstənilən halda, finişə birinci çatacaqsınız. Amma italyan olduğum üçün bunu xüsusi hüznlə deyirəm. Məsələn, bugünkü “Ferrari”ni sürürsünüzsə, yəqin ki, birinci olmayacaqsınız. Lakin buna cəhd edəcəksiniz. Bəzi şeyləri yaxşılaşdırmaq istəyəcəksiniz. Mənim düşüncəmə görə, təcrübə ilə yanaşı, futbolçularımın istəkli olması vacibdir. Kifayətlənmək olmaz. 20, 30 yaşında artıq hər şeyə nail olduğunu düşünsən, bu, sonun başlanğıcı olacaq.

– Həm Albaniya, həm də Azərbaycan, açıq demək lazımdır ki, məhdud futbol resurslarına malik ölkələrdir. A Seriyasından, yüksək səviyyəli futbolçuların forma geydiyi “Udineze”dən, “Torino”dan sonra bu cür yerlərdə işləmək çətin deyil ki?

– Çətindir, əlbəttə. Şərtlərə və vəziyyətə uyğunlaşmaq lazımdır. Kimsə “Real”, Belçika, İngiltərə millisini çalışdırmaq istəyir. Mən isə Azərbaycan millisinin baş məşqçisiyəm. Və bundan məmnunam. Bu komandanı mümkün qədər yüksəyə qaldırmaq üçün bütün bilik və bacarığımı göstərməyə hazıram. Azərbaycanın reytinqdə yüksəlməsini, uğur qazanmasını istəyirəm. Bunu tək edə bilmərəm. Birlik lazımdır. Oyunçularımla yanaşı, hər kəsin yardım əlini uzatmasına ehtiyac var. Toya getmək asandır, yasa getmək isə yox. Çalışıb yaxşı oynamalıyıq ki, küçəmizdə hər zaman bayram olsun. Dəstəksiz bunu eləmək mümkün deyil.

– Albaniyadan sonra, səhv eləmirəmsə, üç ay “Alaves”də işlədiniz. Amma oranı uğurlu təcrübə adlandırmaq çətindir…

– Yox, yox, yox… Öz səhvim idi. O komandaya getməklə səhvə yol verdim. Çox yanlış dəyərləndirmə etdim. Özü də yaşıma və təcrübəmə yaraşmayacaq tərzdə. Amma istənilən halda dostum, “Alaves”in idman direktoru Serxio Fernandesə ürəkdən təşəkkür etmək istəyirəm. Çox gözəl insan, yüksək səviyyəli peşəkardır. “Real”da, “Barselona”da belə işləməyə layiqdir. O, mənə yardım əli uzatdı, amma rəhbərlik fəaliyyətimdən çox da razı deyildi. Beləcə, əməkdaşlığımız uzun alınmadı.

– Və üç il işsiz qaldınız…

– Öz seçimim idi.

– Öz seçiminiz?

– 100 faiz. A Seriyasında çalışmaq imkanım var idi. SPAL məni iki dəfə dəvət etmişdi. Bir neçə adını çəkmək istəmədiyim digər komanda da. Amma şərtlər ürəyimcə olmamışdı. Xoşuma gəlməyən yerdə işləmək üçün riskə getmədim. Sonradan istefaya göndərilməmək üçün. Heç vaxt qovulmamışam, onda da qovulmaq istəmirdim.

– Deməli, daha çox milli komandaları çalışdırmaq xoşunuza gəlir?

– Mənim daha çox qələbə qazanmaqdan xoşum gəlir.

– Azərbaycan millisindən fərqli, Albaniyanın bir çox futbolçusu ölkə xaricində, o cümlədən A Seriyasında oyun təcrübəsinə malik idi. Amma bizdə çətinliklər var, belə oyunçular çox deyil. Üstəlik, albanlar italyanca danışa bilirlər, təxminən bizim rusca danışdığımız kimi. Biz isə italyanca bilmirik. Və…

– Problemdirmi bu?

– Bəli…

– Düşünmürəm ki, problemdir. Ümumiyyətlə, dil, ünsiyyət çətinliyimiz olmayacaq. Bunlar öhdəsindən gəlinəcək şeylərdir. İtaliyada yaşamış azərbaycanlı əla tərcüməçim var. O, mənə çox kömək olacaq. Digər tərəfdən, futbolun dili birdir. Futbolun dili top və meydandır. Orada hər şey beynəlmiləldir. Fikrimcə, indiki halda əsas problem mənim futbolçularımdan nə istədiyimi onlara çatdıra bilməyimdir. Onlardan nə istəyə bilərəm? Maksimal əzmkarlıq, maksimum istək, komandada özünü hamıdan yüksəkdə tutaraq, problem yaratmamaq. Komandamda “mən” yoxdur, “biz” varıq. “Mən oynayıram”, “mən qələbə qazanıram” deyil, “biz oynayırıq”, “biz qələbə qazanırıq”. Bax, bu mentaliteti indidən növbəti oyunlar üçün futbolçulara aşılamalıyam.

– Bildiyim qədər, bir neçə albaniyalı futbolçu məhz sizin məsləhətlərinizlə İtaliya klublarına keçib.

– Bir neçə nəfər, hə.

– Bir neçə nəfər… Eyni şeyi Azərbaycanda etmək mümkün olacaqmı, sizcə?

– Baxın, əsas problem odur ki, Azərbaycan Avropa İttifaqından kənarda olan ölkədir. Yəni bu cür ölkələrdən futbolçu alanda vakant yeri doldurmuş olursan. Düşünürəm ki, böyük dünya futbolunun bir parçası olan İtaliya futbolu və A Seriyasında əslində bu cür şeylərə çox da diqqət yetirmirlər, istər Avropa İttifaqı olsun, istər kənarda. Məsələ diqqət mərkəzində olmaqdır. Bəli, bir çox albaniyalı futbolçuya əl uzatmışam, çünki İtaliya futbolunda çox insanla tanışam. Bəzi futbolçuları onlara məsləhət görmüşəm. Əslində, mənim işim üçün də bu vacib idi. İtaliyada oynayan, italyan dilində danışan oyunçularla işləmək mənim üçün də asan olar. Əlbəttə, futbolçuların keyfiyyət olaraq artmasını da qeyd etmək lazımdır. İngilis, ispan, alman, italyan liqaları Avropa və dünya futbolunun zirvəsidir.

– Azərbaycan millisi ilə ilk oyununuz artıq sentyabrın 5-də Lüksemburqa qarşıdır. Ardınca Kiprlə matç var. Azərbaycan Premyer Liqası avqustun 21-də başlanacaq. Hazırlaşmaq üçün üç həftədən az vaxt qalacaq, üstəlik cəmi bir tur oynanılacaq.

– Bilirəm… Bu problemdir, amma bunun üzərində xüsusi dayanmaq istəməzdim. Düzdür, komanda ilə daha əvvəl məşq etmək imkanım olmayıb, lakin bu, mənə maraqlı da deyil. Qarşılaşmaya hazırlaşmaq üçün altı-səkkiz günüm olacaq, təlim-məşq toplanışına yığışacağıq. İşləyəcəyik və Lüksemburqu məğlub etməyə çalışacağıq. Bəlkə də bu komandanın adı uca səslənmir, bizə çox şey demir. Amma heyətində çox maraqlı futbolçular var, uzun müddətdir birgə oynayırlar, məşqçiləri də bir neçə ildir işləyir. Çempionlar Liqasının finalına hazırlaşdığımız kimi hazırlaşacağıq.

– Lüksemburq və Kiprin son oyunlarını görmüsünüz?

– Görmüşəm… Kiprlə bir neçə il əvvəl oynamışıq, mən Albaniya millisində olanda. Lüksemburqu yaxınlarda izləmişəm. Analizlərimiz davam edir, bütün detallara diqqətlə yanaşırıq.

– Milli komandanın Millətlər Liqasında qarşısına qoyulan məqsəd nədir?

– Qələbə qazanmaq.

– İki illik – 2022-ci il dünya çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlamısınız. Azərbaycan millisinin nəticəsini bir kənara qoysaq, məqsədi nədir? Misal üçün, yaxşı oyun sərgiləmək…

– Mən gözəl oyundan çox, nəticə haqqında düşünən məşqçiyəm. Hamıdan gözəl oynayıb, estetik futbol göstərib, 0:1, 0:2 uduzmaq mənə maraqlı deyil. Əlbəttə, gözəl futbolun əleyhinə deyiləm, amma çox pis də oynayıb, qalib gələcəyiksə, bundan məmnun olaram. Bu gün bizi qələbə, yaxşı nəticə maraqlandırır. Döyüşmək, sürüşmə hərəkətləri etmək, arxaya ötürmə vermək kimi məsələlərdən çəkinmərəm. Əsas olan qələbə qazanmağa kömək eləyən vasitələri aşkarlamaqdır.

– Bu komanda, bu futbolçularla dediyiniz məqsədlərə çatmaq, yaxşı nəticə göstərmək mümkündürmü, sizcə?

– Əlbəttə, mümkündür. Əgər 25 baş mənim fikirləşdiyim kimi fikirləşsə, alınacaq.

– Amma bu, asan deyil…

– Baxın, ya bunu edirlər, ya da millidən gedirlər.

– Sonuncu sualı, icazənizlə, oxuyacağam, çünki sitatlar var: “Albaniya millisinə təyin olunanda demişdim ki, birgə Fransaya yollanacağıq. Onda hamı mənə dəli kimi baxdı”. “La Gazzetta dello Sport” isə sizin Azərbaycan millisinə təyinatınızla bağlı xəbərin başlığında belə yazmışdı: “De Byazi Albaniyadan sonra Azərbaycanda da möcüzə etməyə cəhd göstərəcək”. Bu möcüzəni reallaşdırmaq mümkündürmü?

– Sən, mən, burada olan hər kəs, Azərbaycanı sevən hər kəs inansa ki, həyatda hər şey mümkündür, alınacaq. Əgər bu səddi aşa bilməyəcəyik desək, onu doğrudan da aşa bilməyəcəyik. Əksinə, desək ki, bax, o sədd var, onu keçməliyik, hamımız bunun üçün çalışsaq, futbolçular məşqçinin dediyinə qulaq assa, komanda yoldaşlarına yardım etsə, əl uzatsa, öyrənərkən diqqətli olsalar, yekunda istədiyimiz yerə çatmaq daha asan olacaq və o səddi aşacağıq.