FTX-nin qurucusu 15 milyard dolları necə itirdi? -Hər şey bir gündə oldu…

0
175

Kriptovalyuta dünyasının “möcüzəli oğlanı” adlandırılan Sem Bankman-Frid bir xəbərlə demək olar ki, bütün varlığını bir gündə itirdi. Dağınıq saçları ilə tanınan, ianələri və sponsorluq müqavilələri ilə ABŞ-da ən çox müzakirə olunan şəxslərdən birinə çevrilən Semin yüksəlişi və enişi çox sürətlə baş verdi… “Həyatı bir anda alt-üst oldu” ifadəsi qulağımıza mübaliğə kimi gəlir. Amma Sam Bankman-Frid insanın həyatının bir gündə necə dəyişə biləcəyinə ən yaxın nümunədir. Noyabrın 8-nə qədər 30 yaşlı Bankman-Frid o qədər nüfuzlu idi ki, onun baş hərflərini – SBF eşidən hər kəs kim olduğunu asanlıqla deyə bilərdi. O, dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan FTX-nin, həmçinin “Alameda Research” adlı ticarət şirkətinin sahib idi. “Bloomberg”in hesablamalarına görə, onun şəxsi sərvəti 15,6 milyard dollar civarında idi. Cəmi dörd il ərzində kriptovalyuta dünyasının ən böyük adlarından birinə çevrilən Bankman-Fried diqqətini əsas maliyyə bazarına yönəltmişdi. Bu gün onun yalnız SBF abbreviaturası və cəmi 1 milyard dolları var. Kripto dünyası ilə bağlı xəbərləri yaxından izləyənlər Bankman-Friedin çöküşünün yaxınlaşdığını aylardır hiss edirdilər. “The New York Times”ın yazdığına görə, qlobal kriptovalyuta bazarında böyük təlatümlər yaşandığı bir vaxtda FTX-in “maliyyə əsaslarının sarsılması” ilə bağlı xəbərlər də yayılırdı. Bəs cəmi bir həftə əvvəl kriptovalyutanın təcəssümü kimi qəbul edilən Bankman-Fried necə bir gündə ibrətamiz hekayəyə çevrildi? Stanford Universitetinin Hüquq Fakültəsində dərs deyən iki professorun oğlu Bankman-Frid Silikon Vadisində böyüyüb. Uşaqlığını şahmat və başqa oyunlar oynamaqla keçirib. Qardaşı Qabe daha əvvəl “Insider”ə verdiyi açıqlamada “Uşaqlıqda oyunlar oynayarkən belə bir adəti var idi: Oynadığı stolüstü oyun əyləncəli olsaydı, eyni anda iki oyun oynayar və vaxta qənaət edərdi” demişdi.

 Onu yaxından tanıyanlar Bankman-Fridin eyni anda bir çox işi görmək qabiliyyətini tez-tez xatırladırlar. Məsələn, “Alameda Research”in baş direktoru Karoline Ellison “Insider”ə deyib: “Çox vaxt siz birinci ekranda futbol matçına, ikinci ekranda isə “YouTube”da Rihanna kliplərinə baxdığını görə bilərsiniz. Bu arada o, üçüncü ekranda mesajlarına cavab verir, dördüncü ekranda alış-verişlə məşğul olur və beşinci ekranda isə telefonla danışır. Bütün bunları eyni anda edir”. Bankman-Frid Massaçusets Texnologiya İnstitutunda (MIT) fizika üzrə təhsil alıb. Həmin illərdə dərslərindən çox dərsdənkənar işlərə vaxt ayırıb. O, hətta “Insider”ə açıqlamasında “Gündə təxminən 1,5 saat dərs oxuyurdum, hər yerə gecikirdim. Həqiqətən səhlənkar tələbə idim”, etirafını edib. İnstitut illəri Bankmen-Fridin əxlaqi baxışlarının müəyyənləşməsində mühüm rol oynayıb. O, xüsusilə “effektiv xeyriyyəçilik”lə maraqlanıb. “Effektiv xeyriyyəçilik” riyazi hesablamalar vasitəsilə insanların başqalarına kömək etmək üçün öz vaxtlarını, pullarını və resurslarından ən yaxşı şəkildə necə istifadə edə biləcəklərini müəyyən etməyə çalışan fəlsəfi hərəkat hesab olunur. Üç ildə bütün hiylələri öyrəndi… İnstitutu bitirdikdən sonra – 2014-cü ilin iyun ayında Bankman-Frid qlobal ticarət firması “Jane Street”də işləməyə başlayıb. Burada o, arbitrajın hiylələrini, yəni bir bazarda qiymətli aktivi ucuz alıb, başqa bazarda baha satmağı öyrənib. “Bloomberg”ə görə, “Jane Street”də işlədiyi üç il ərzində o, qazancının yarısını heyvanların rifahı ilə bağlı icmalara və “effektiv xeyriyyəçilik” fəlsəfəsi ilə xeyriyyə təşkilatlarına bağışlayıb. Üç il sonra o, nüfuzlu xeyriyyəçilik hərəkatının öncüllərindən sayılan Uilyam MakAskill tərəfindən təsis edilən MacAskill Effektiv Xeyriyyəçilik Mərkəzində işləməyə başlayıb.

Kriptovalyutanın potensialını anladı 2017-ci ildə qədər kriptovalyuta bumu başlamış və investorlar özəl bazarlarda kriptovalyuta alıb-satırdılar. Bankman-Frid bəzi valyutaların bəzi bazarlarda digərlərindən daha yüksək qiymətlərlə ticarət edildiyini görəndə qiymət intervallarını mənfəətə çevirmək üçün öz arbitraj bacarıqlarından istifadə edə biləcəyini başa düşdü. Asiya birjaları ilə Qərbdəkilər arasında “Bitkoin”in dəyərindəki fərq “kimçi mükafatı” adlanır. Turşu kələm növü olan kimçi Koreya mətbəxinin vazkeçilməzlərindəndir. 2017-ci ilin oktyabrında Bankman-Frid Kaliforniyanın Berkli şəhərində özünün kripto ticarət şirkəti olan “Alameda Research”i qurur. “Alameda”dakı həmkarlarının dediyinə görə, o, ticarətdə hamıdan daha sürətli hərəkət etməyin yollarını tapmaqda çox bacarıqlı olub. “Bloomberg”ə görə, “Alameda” gündə 15 milyon dollarlıq bazar əməliyyatları edib. Onun həmlələri kriptovalyuta sənayesində o qədər böyük dalğalanmalara səbəb olub ki, Bankman-Fried “kripto balinaların Mobi Diki” adlandırıldı. “Saxta birjalar”a alternativ axtarışına başladı 2018-ci ildə Honq-Konqdakı qaydaların ABŞ-dan daha ləng olduğunu anlayan Bankman-Frid qəfildən “Alameda”nın ofislərini buraya köçürür. “Alameda”nın keçmiş icraçı direktoru Endryu Kroqan “Insider”ə açıqlamasında bununla bağlı demişdi: “Düşünürəm ki, biz Honq-Konq əvəzinə Berklidə işlədiyimiz üçün gündə 50.000 dollar itiririk”. Bankmen-Friedin qazandığı pul ardıqca, ambisiyaları da artır. 2017-2018-ci illər arasında özünün də istifadəçisi olduğu axmaq birjalar” olaraq xarakterizə etdiyi platformalara alternativ inkişaf etdirməyi düşünməyə başlayır. 2019-cu ilin ilk günlərində Bankman-Fried və komandası öz kriptovalyutalarını inkişaf etdirmək üçün çox çalışırlar. Proqram təminatı prosesi dörd ay davam edir və FTX may ayında istifadəçilərlə görüşür. 

Kripto oyunçular FTX-ni çox sevdi

FTX tezliklə böyük uğur qazanır. Əməliyyatlarda aşağı komissiyaların alınması investisiya xərclərini azaldır və üstəlik, bir çox fərqli valyutada həyata keçirilə bilərdi. Hətta kriptovalyutaların müqabilində girov kimi nağd pul da qəbul edilirdi. Bankman-Fried növbəti il ABŞ-da FTX-nin kiçik filialı olan FTX US-u işə salır. Zaman keçdikcə ABŞ-da kriptovalyuta bazarının böyük bir hissəsini ələ keçirməyi, ildə bir neçə dəfə Konqres qarşısında çıxış edərək qanuna dəyişikliklər üçün lobbiçilik edirdi. “Politico”nın xəbərinə dörə, o, həmçinin kriptovalyutaya dəstək verən siyasi fəaliyyət komitəsi (PAC) olan GMI PAC-a milyonlarla dollar bağışlayıb. Çin hökuməti 2021-ci ilin sentyabrında kriptovalyuta istehsalı və ticarətinə ağır cəzalar tətbiq etdikdən sonra Bankman-Frid FTX-in əməliyyatlarını Baham adalarına köçürməyə qərar verir. Bu yeni yer ABŞ-a coğrafi yaxınlıq üstünlüyünə malik idi. Lakin bu ölkənin ərazisi olmadığından ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) nəzarət mexanizmləri burada işləmirdi. Bunun sayəsində bir çox rəqib kripto birjası böyük cərimələr ödəmək və ya tənzimləyici quruluşların araşdırmaları ilə məşğul olmaq məcburiyyətində qalsa da, FTX-ni heç bir problem yaşamır. Bankman-Friedi biznesdə tanıyan hər kəs onun səmərəsizliyə nifrət etdiyini deyir. Məhz buna görə də şirkətin baş ofisi iki il ərzində iki dəfə başqa yerə köçməli olub. Eynilə, FTX-in proqram təminatı komandasındakı işçilərin sayı eyni səviyyəli digər kriptovalyuta bazarları ilə müqayisədə çox məhdud idi. Bankman-Fried daha əvvəl ilk 6 ayda yalnız iki proqram tərtibatçısı ilə işlədiklərini söyləmişdi. Sonrakı illərdə bu rəqəm 10-25 arasında dəyişib. Lakin bu, Bankman-Fried də daxil olmaqla, bütün FTX işçilərinin fasiləsiz uzun saatlar işləməsinə səbəb olur. Bir çox işçinin özünü tükənmiş hiss etdiyi üçün FTX-ni tərk etdiyi məlumdur. Bankman-Frid isə 2021-ci ilin dekabrında FTX ilə bağlı ən böyük qorxusunun yavaşlamaq və işlək olmamaq olduğunu söyləmişdi. Bir ildə bir milyard dollar mənfəət Yuxarıda dediyimiz kimi, FTX-nin vasitəçilik etdiyi əməliyyatlardan aldığı komissiya kifayət qədər aşağı idi. Amma “Bloomberg”ə görə, FTX-in orta gündəlik ticarət həcmi 1 milyard dollar civarında olub. Yəni həmin kiçik komissiyalar bir araya gələndə çox böyük rəqəmlər əldə olunub. O qədər ki, Bankman-Fried təkcə 2021-ci ildə FTX-dən 350 milyon dollar və “Alameda”dan 1 milyard dollar gəlir əldə edib. FTX özü də investorların sevimlisi idi. Şirkət “SoftBank Vision Fund”, “Tiger Global”, “Sequoia Capital” və “BlackRock” daxil olmaqla bir çox investordan böyük vəsait alıb. “Forbes” yazır ki, 2022-ci ilin əvvəlində investorlar FTX və onun ABŞ əməliyyatlarını 40 milyard dollar dəyərində qiymətləndiriblər.

“Bloomberg”in Milyarderlər İndeksinə görə, Bankmen-Friedin sərvəti 2021-ci ilin dekabrında – ən yüksək həddə çatdığı dövrdə 26 milyard dollardan çox olub. SBF-in pullarını müxtəlif sponsorluqlara, bəzi siyasətçilərin dəstəklənməsinə və müxtəlif xeyriyyə təşkilatlarına xərclədiyi bilinirdi. “Insider”də yayımlanan profildə FTX-nin 2021-ci ildə xeyriyyəçilik üçün 16 milyard dollar bağışladığı vurğulanıb. SBF tezliklə mediada məşhur bir ada çevirilir. O, kripto dünyasının sözçülərindən birinə çevrilib. Tez-tez “Bloomberg” və CNBC kimi iqtisadi kanallarda bazar dinamikası ilə bağlı şərhlərlə çıxış etməyə başlayır. 

Siyasəti yönləndirməyə başlayır “Politico”nun xəbərinə görə, 2020-ci il seçkiləri öncəsi Bankman-Frid Co Baydenin seçki kampaniyasına 10 milyon dollarlıq böyük ianə edib. Bu həmləsi ilə diqqətləri üzərinə çəkən Bankman-Frid siyasətdə önəmli bir fiqura çevirilir. Lakin əslində bu, Bankman-Friedin ilk ianəsi deyildi. “Politico”ya görə, SBF 2010-cu ildə Kolorado ştatının Demokrat senatoru Maykl Bennetin kampaniyasına da töhfə verib. Federal Seçki Komitəsinin sənədlərinə görə, Bankman-Frid təkcə 2022-ci ildə müxtəlif siyasi kampaniyalara 40 milyon dollardan çox ianə edib. İanələr zaman-zaman Respublikaçıların xəzinəsinə daxil olsa da, əsas dəstəyi Demokratlar alıb. “The Los Angeles Times” qəzetinin yazdığına görə, Bankmen-Frid Senatda və Nümayəndələr Palatasında demokratları çoxluqda saxlamaq üçün müvafiq olaraq 1 milyon və 6 milyon dollarlıq iki ianə edib.  “COVID-19″la mübarizə səylərinə töhfə verən Bankman-Fried, qardaşı Qabenin meneceri olduğu “Guarding Against Pandemics” qeyri-kommersiya təşkilatının ən böyük maliyyəçisi olub. “Bloomberg”ə verdiyi açıqlamada bu ianələrin “effektiv xeyriyyəçiliy”ə olan inancının nəticəsi olduğunu vurğulayan Bankman-Fried, illik gəlirinin 1 faizini (təxminən 100.000 ABŞ dolları) çıxmaqla qalan hissəsini bağışlamaq istədiyini də dilə gətirib. 

Bankmen-Friedin həyat tərzinin də onun nüfuzlu xeyriyyəçiliyə olan inancını əks etdirdiyi deyilir. Orta səviyyəli avtomobil idarə edən Bankman-Frid otaq yoldaşları ilə birlikdə yaşayır və veqandır. 

“Miami Heat” stadionundan Tom Bradiyə… Bununla yanaşı, SBF bəzi korporativ sponsorluqlara da böyük məbləğlər xərcləyib. Məsələn, 19 il “Miami Heat” stadionunun titul sponsoru olmuş Bankman-Friedin buna 135 milyon dollar xərclədiyi təxmin edilir. Digər tərəfdən, bu il “Super Bowl” zamanı məşhur komediya ustası Larri Devidin rol aldığı televiziya reklamı Bankman-Fridə 30 milyon dollara başa gəlib. FTX vasitəsilə “Washington Wizards” və “Golden State Warriors” kimi əhəmiyyətli basketbol komandaları ilə də müqavilələr bağlayan Bankman-Fried baksetbolçu Step Kurri və Amerikan futbolçu Tom Bradi kimi dünyaca məşhur isimlərlə də əməkdaşlıq edib. Bir sözlə, Bankman-Frid dörd yoldan sürətlə irəliləyir və qarşısıalınmaz görünürdü. Silikon Vadisindəki tərəfdaşları yaxın vaxtlara qədər Bankman-Fridin 20-30 ildən bir dünyaya gələcək istedad olduğunu düşünürdülər. “Race Capital”ın risk sərmayədarlarından və FTX-in əsas investorlarından biri olan Edit Yeunq 2021-ci ilin dekabrında “Insider”də yayımlanan profildə “Məncə, o, kripto dünyasının Mark Zukerberqidir” deyirdi. “Forbes” jurnalına görə, çox qısa müddətdə varlanan Zukerberqin yeganə rəqibi Bankman-Frid idi. Bir xəbər hər şeyi bitirdi Amma ötən həftə “CoinDesk”də yayımlanan bir xəbər bu gözqamaşdırıcı mənzərəyə qaranlıq kölgə saldı. “CoinDesk”ə sızan balans hesabatına görə, “Alameda Research”in maliyyə vəziyyəti heç də yaxşı deyildi.

Hesabat göstərirdi ki, “Alameda” aktivlərinin əhəmiyyətli bir hissəsi FTX-in öz kriptovalyutası olan FTT-də ifadə olunub. Yaydan bəri kriptovalyuta bazarlarında yaşanan böhranı nəzərə alsaq, investorlar FTT-nin dəyərində qəfil enişlərin ola biləcəyindən narahat idilər. 

 Bu xəbərin yayılmasından qısa müddət sonra, FTX-in ən böyük rəqibi olan “Binance”in qurucusu və rəhbəri Çanqpenq Zao (sektorda adının baş hərfləri ilə – CZ kimi də tanınır) “Binance”in əlində olan FTT-ləri (584,818,174 dəyərində 22,999,999 FTT) satışa çıxarılacağını açıqladı. Bundan sonra bütün dünyada investorlar FTX platformasından öz pullarını çıxarmağa başladılar. Xaos qarşısında Bankman-Frid “Binance”yə FTX-ni xilas etməyi təklifi etdi. “Binance” əvvəlcə razılaşmaya müsbət yanaşdığını açıqladı, lakin 24 saat ərzində geri çəkildi. Bankmen-Fried şəxsi aktivləri 94 faiz dəyər itirərək, şəxsi sərvəti 1 milyard dollara düşdü. “Binance” FTX-nin ilk investorlarından biri idi. Daha sonra Silikon Vadisinin böyük oyunçuları FTX-ni irəli çəkməsi ilə iki birja rəqib oldu. Zaonun Bankman-Friedin Konqresdəki bəzi bəyanatlarını bəyənmədiyi deyilirdi, lakin “Binance” hələ də böyük miqdarda FTT-yə sahib idi. Digər tərəfdən, CZ və SBF-nin saç düzümlərindən tutmuş idarəetmə üslublarına qədər hər şey də müqayisə edildi. Daha sakit CZ pərdə arxasında qalarkən, SBF-nin “Super Bowl” reklamları hazırlamaq üçün konfransdan konfransa qaçması mübahisə mövzusu olurdu. FTX-nin çökməsi və “Binance”dən kömək istəməsi, bu ikili arasında yarışın birməsi və CZ-nın kripto dünyasının mübahisəsiz kralı olması kimi şərh edildi. Bankman-Frid, çöküşdən sonra şirkətin bəzi investorlarına yazdığı məktubda əsas prioritetinin müştərilərin aktivlərini, sektoru və FTX səhmdarlarını qorumaq olduğunu qeyd edib: “Daha yaxşısını edə bilmədiyim üçün üzr istəyirəm. Müştərilərin aktivlərini və investisiyalarınızı qorumaq üçün əlimdən gələni edəcəm”.