Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb, ona etiraz bildirilib

0
566

14 iyul 2020-ci il tarixində ölkəmizin Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədilib. Erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Baş vermiş hadisə ilə bağlı Fransanın ölkəmizdəki Səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq qarşı tərəfə etiraz bildirilib.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, bundan öncə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, o cümlədən ABŞ-dakı Səfirliyimizə qarşı radikal erməni təşkilatlarının üzvləri tərəfindən müdaxilə cəhdləri olub.

Erməni terrorçuluq meylləri, təəssüf ki, bizə yaxşı bəllidir. Azərbaycan erməni terrorunun acılarını yaşayıb, həm də 20-ci əsrin əvvəllərindən etibarən. 1980-ci illərin sonlarında Azərbaycanda törədilən çoxsaylı terror aktları, 1992-ci ildə Xocalıda bir gecədə 613 mülki şəxsin vəhşicəsinə qətl edilməsi, bu gün də işğalçı ölkənin silahlı qüvvələrinin azərbaycanlı mülki şəxsləri hədəfə alması – bütün bunlar ermənilər tərəfindən törədilmiş qanlı terror aktlarıdır. Terrorçuluq meylləri Ermənistanın işğalçılıq siyasətinin kökündə durur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib.

Eyni zamanda, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib.