Fransanın cinayətləri BMT-də ifşa edildi – BTQ-dən fransız neokolonizminə ZƏRBƏ

0
18

Fransanın Yeni Kaledoniyada nümayişlər zamanı yerli kanakların öldürülməsi ilə nəticələnən zorakılıq törətməsi qəbuledilməzdir.

Bu haqda BMT-nin İnsan Hüquqları Komitəsinin hesabatında deyilir. 7 noyabrda yayımlanan hesabat “demokratiya” donuna bürünmüş Fransanın neokolonizm siyasətinin, eləcə də insan haqlarına qarşı törətdiyi zorakılıqların beynəlxalq müstəvidə ifşa edilməsidir.


Fransanın müstəmləkə siyasəti demokratik və insan haqları prinsiplərinin əsas götürüldüyü XXI əsrin “qaranlıq üzü”nü təşkil edir. Bu gün xüsusilə Qərb dünyası bəşəri dəyərlərdən bəhs etsə də, ilk növbədə Avropanın “demokratiyanın beşiyi” olmaq iddiasına düşən ölkəsi – Fransa bu dəyərləri məhv edib. Və belə görünür ki, Fransa və onun kimi ölkələr üçün demokratiya, insan haqları yalnız siyasi maraqların təmin edilməsinə xidmət edir. Dənizaşırı ölkələrdə baş verənlər – insan haqlarının kobud şəkildə pozulması, zorakılıq, siyasi qətllər, eləcə də miqrantlara qarşı edilən vəhşiliklər rəsmi Parisin bəşəri dəyərlərə təhlükə yaratdığının nümunəsidir. Artıq BMT Fransanın bu əməlləri ilə bağlı “SOS” siqnalı çalır.

BMT İnsan Hüquqları Komitəsinin Hesabatında qeyd olunur:

– Xarici vətəndaşlar Fransa-İtaliya sərhədində sığınacaq ala bilmir, heç bir hüququ təmin edilmədən zorla geri qaytarılır. Böyük Britaniya-Fransa sərhədindəki müvəqqəti sığınacaqlar və Fransanın xaricindəki Mayot ərazisindəki gecəqondular sistematik şəkildə evakuasiya edilir, bunun həddindən artıq güclə həyata keçirilməsi bu insanların onsuz da acınacaqlı həyat şəraitini daha da pisləşdirir. Komitə bütün bunlarla bağlı narahatlığını dilə gətirir və Fransanı miqrantların geri qaytarılmaması prinsipinin praktikada qorunmasını, onların müstəqil apellyasiya mexanizminə çıxış əldə etməsini təmin etməyə çağırır. Bununla yanaşı, Fransa sərhəd bölgələrində, xüsusilə Britaniya ilə sərhəddə və Mayot ərazisində sığınacaq axtaranlar və qeyri-qanuni miqrantlar üçün layiqli yaşayış yeri təmin etməyə, onlara qarşı pis rəftara son qoymağa dəvət edilir.

Bu hesabat insan haqlarından danışan Fransanın bu prinsipləri kobud şəkildə pozduğunun ispatıdır. Fransa hökuməti miqrantlara qarşı qeyri-insani davranışları təkcə sərhəddə və nəzarətdə saxladığı xarici ərazilərdə – Mayotda deyil, Paris hava limanında da edir. “Sənədsiz Şəxslərə Yardım Assosiasiyası” təşkilatının hesabatına görə, Paris hava limanlarında hər il 10 minə yaxın insan saxlanılır və təcridxanalara yerləşdirilir. Kameralar həddindən artıq doludur və heç bir gigiyena tələblərinə əməl edilmir, hətta insan ləyaqətinin alçaldılması halları adiləşib. Miqrant ailələrin birləşməsi, yaxud təməl yaşamaq haqları da pozulur. Qəzalı evlərdə, yaxud müvəqqəti olaraq qohumlarının yanında yaşayan miqrant uşaqların 80 faizi təhsil almaq hüququndan məhrum edilir.

BMT hesabatında Fransanın neo-müstəmləkə siyasəti açıq şəkildə ifşa edilir. Hesabatda qeyd olunur:

– 2024-cü ilin may ayından etibarən Yeni Kaledoniyada konstitusiya qanununa təklif edilən dəyişikliyə qarşı etirazların başlanması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılığa və həddindən artıq güc tətbiqinə əl atdı. Bu, 10 yerli kanakın və iki jandarma əməkdaşının ölümünə səbəb oldu. Eləcə də yüzlərlə insan xəsarət aldı. Komitə Fransanı nümayişlər zamanı polis zorakılığına son qoymağa və özünümüdafiə üçün silahdan istifadəni məhdudlaşdırmağa çağırıb. Həmçinin, Fransa hökumətindən Yeni Kaledoniyada güc tətbiqinin dərhal və qərəzsiz şəkildə araşdırmağı, günahkarların mühakimə edilməsini və qurbanlara təzminat ödəməyi tələb edir.

Bu hesabat Fransanı ifşa etməklə yanaşı, Makron hökumətini fakt qarşısında da qoyur. Rəsmi Paris dənizaşırı ərazilərdə törətdiyi vəşhiliklərə son qoymalı və Yeni Kaledoniyada yerli kanaklara təzminat ödəməlidir. Əks təqdirdə, demokratiya və insan haqları kimi bəşəri dəyərləri heçə saydığını qəbul etməli olacaq.

Fransanın neo-müstəmləkə siyasətinin beynəlxalq müstəvidə ifşa edilməsində Bakı Təşəbbüs Qrupunun (BTQ) rolu mühüm əhəmiyyət kəsb edir. Fransanın kolonizm siyasəti və dənizaşırı ərazilərdə insan haqlarının pozulması halları illərdir davam etsə də, bu faktlar ya görməzdən gəlir, ya da gizlədilirdi. İndi bu faktların BMT səviyyəsində ifşa edilməsi məhz BTQ-nin beynəlxalq diqqəti Fransanın əməllərinə yönəltmək istiqamətində prinsipial fəaliyyəti nəticəsində mümkün oldu.

– İyun ayında BTQ-nin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənildi.

– Avqust ayında BTQ BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən “Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında” adlı alternativ hesabat təqdim etdi.

– Oktyabr ayında BTQ-nin təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirildi. BMT İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində keçirilən konfransda Fransanın neo-müstəmləkə siyasəti və dənizaşırı ərazilərdə insan haqlarına qarşı törətdiyi əməllər beynəlxalq ictimaiyyətə təqdim olundu.

– Oktyabrın 25-də BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Jose Manuel Santos Pais Fransanın təqdim etdiyi hesabatı sərt şəkildə tənqid etdi, xüsusilə Yeni Kaledoniyada baş verənlərlə bağlı rəsmi Parisin “arqumentlərinin” yalan olduğunu bəyan etdi. Jose Manuel Santosun bu çıxışında toxunduğu faktlar BTQ tərəfindən Komitə rəhbərliyini daha öncədən məlumatlandırmasına, baş verənlərlə bağlı təqdim etdiyi alternativ hesabatlara əsaslanırdı.
https://www.youtube.com/embed/K5c1_WnjSA8?si=PYxpv-k51odGWYvb
Və nəhayət, 7 noyabr 2024-cü il tarixində BMT İnsan Hüquqları Komitəsinin yayımladığı hesabatda Fransanın gerçək siması – bəşəri dəyərlərə qarşı törətdiyi vəhşiliklər, insan haqlarının kobud şəkildə pozulması halları, Yeni Kaledoniya başda olmaqla dənizaşırı ərazilərdə həyata keçirdiyi zorakılıq aktları öz əksini tapdı.

Bu, Fransanın ifşası, Makron hökumətinin gizlətməyə çalışdığı faktların beynəlxalq ictimaiyyətin qarşısında nümayiş etdirilməsi və Bakı Təşəbbüs Qrupunun bəşəri dəyərlər – demokratiya və insan haqlarının qorunması naminə əldə etdiyi böyük uğurdur.