Fransalı politoloq: “Beynəlxalq təşkilatlar minaları basdıranları qınamalıdır”

0
117

“Dinc insanları öldürən və şikəst edən minaları basdıranlar beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdır”.

Bunu açıqlamasında Beynəlxalq Diplomatiya və Dialoq Şurasının direktoru, fransalı politoloq Erik Qozlan deyib.

Onun sözlərinə görə, minalar mövcud olan ən “çirkli” silahdır.

“Təəssüf ki, getdikcə daha tez-tez münaqişələrdə qurbanları dinc sakinlər olan mina basdırılması kimi hallara şahidlik edirik. Mina probleminin həlli, minaların təmizlənməsi üçün beynəlxalq həmrəylik lazımdır”, – o bildirib.

E.Qozlanın fikrincə, ölkələr münaqişənin mahiyyətini unutmalıdırlar, çünki bir müddət sonra münaqişələrin və müharibələrin əsas qurbanları günahsız insanlar, müharibələrin baş verməsinə görə məsuliyyət daşımayan uşaqlardır.

“Düşünürəm ki, mina xəritələrinin mübadiləsi üzrə danışıqlar atəşkəsdən və münaqişə başa çatdıqdan sonra ölkələrin etməli olduğu ilk işdir”, – politoloq fikrini yekunlaşdırıb.

Xatırladaq ki, 4 aprel Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günüdür.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ildən bu yana 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həlak olub.