“Fransa Milli Assambleyasında “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” üzrə debatlarda çıxış üçün yalnız bu sənədin lehinə olan deputatlara söz verildi. Qətnamənin əleyhinə olan deputatlara söz verilmədi. Heç bir dəyəri, heç bir hüquqi əhəmiyyəti olmayan, yalnız rəmzi xarakter daşıyan bu qətnamə layihəsinin əleyhinə səs verdim”.
Bunu Fransa Milli Assambleyasının deputatı Jan-lük Reitzer Assambleyada “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” adlı sənədin debatları ilə bağlı deyib.
Deputat bildirib ki, layihə ilə bağlı çıxışçılar siyasi qruplar tərəfindən təyin edilirdi:
“Mən çıxış üçün vaxt istədim, ancaq mənə söz verilmədi. Parisdən olan deputat Brijit Kulster qətnamənin mətni ilə bağlı izahat verdi, onun çox sayda erməni seçiciləri var.
Mənə isə çıxış üçün söz vermədilər. Çünki mən həmin sənədin əleyhinə olanlardan idim. Bu, böyük səhvdir. Fransa Minsk qrupunun həmsədridir, o, öhdəsinə götürdüyü vasitəçi roluna uyğun olaraq bitərəf olmalı idi, ancaq aydın şəkildə Ermənistana tərəfkeşlik etdi. İndi Fransanın hansısa rol oynayacağını görmürəm.
Qeyd edib ki, Xarici işlər naziri Jan-İv lö Dryan fikrini çox aydın ifadə etdi. O, açıq şəkildə mövqeyini bildirdi. Düzdür, o, “ermənilərin faciəsini bölüşürəm” dedi, ancaq deputatlara müqayisədə, daha balanslı danışdı, Fransanın bitərəf qalmaq istəyini qeyd etdi”.
“Deputatlar təzyiq altındadırlar, onlar düz danışmadılar. Xarici işlər komissiyasnın iclasında onlara Bakıda erməni kilsəsi olmasından, onun dövlət hesabına bərpa edilməsindən, oradakı kitabların qorunub saxlanmasından danışdım. Ancaq həqiqəti eşitməzliyə vurdular”, – deyə Jan-lük Reitzer diqqətə çatdırıb.
Vurğulayıb ki, qətnamə layihəsi ilə bağlı debatlarda diqqət çəkən əsas məqam Türkiyə idi. Debatlarda çıxış edənlər yalnız Türkiyənin adını çəkirdilər, hamı Türkiyədən danışırdı.
Mən həmkarlarımla danışanda dəfələrlə qeyd etmişəm ki, Azərbaycan dünyəvi ölkədir, bu ölkədə dini münaqişə yoxdur. Bütün dinlərə hörmətlə yanaşılır. Həmkarlarıma deyirəm, mənimlə Azərbaycana gəlin və reallığı öz gözlərinizlə görün, söylənilənlərə inanmayın. İllərdir reallığın saxtalaşdırılması son günlərin faciəvi nəticələrinə səbəb olub.