Fransada – Kannda Azərbaycan mədəniyyəti günləri başladı…

0
624

Heydər Əliyev Fondunun yeni layihəsi…

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, İNK və DAMMİB baş katibi, yazıcı-kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov: “Azərbaycan mədəniyyətini Fransada təbliğ etməklə, burada mədəniyyət günləri təşkil etməklə, klassik musiqimizin konsertlərini, xalq sənətimizin müxtəlif sahələrinin sərgisini reallaşdırmaqla Heydər Əliyev Fondu dünyaya bir kreativ mesaj ötürür”…

“… Azərbaycanın Avropadakı imicinin daha da möhkəmlənməsinə şərait yaradacaq…”

Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğatı sahəsində görülən işlər nəticəsində milli mədəniyyətimiz tanıdılır. Nəzərə alsaq ki, son dövrlər bədnam qonşularımız olan ermənilər Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələrini mənimsəməyə çalışır və saxtakarlıq edərək onları öz adlarına çıxmağa cəhd edirlər, bu səbəbdən də mədəniyyətimizin müxtəlif ölkələrdə geniş təbliğatı zərurətə çevrilib.

Məlum olduğu kimi, Heydər Əliyev Fondu bu sahədə saysız iş görür. Heydər Əliyev Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı ilə dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb. Heydər Əliyev Fondundan mətbuata verilən məlumata görə, Heydər Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub.

“Dəniz vağzalı” pavilyonunda təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgidə xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin Şəki qrupuna aid 13 xalça eskizi, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş etdirilir. E.Mikayılzadə yeni Şəki qrupuna aid xalça eskizlərində Şəki Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmlərinə, şəbəkələrə müraciət edib.

Avqustun 18-dək davam edəcək sərgi çərçivəsində bu layihəyə həsr edilmiş fransız və ingilis dillərində kataloq ziyarətçilərə təqdim olunacaq. Sərgiyə baxmağa gələn Kann şəhərinin sakinləri və turistləri layihənin hazırlanmasına dair sənədli filmlə də tanış ola biləcəklər.

Heydər Əliyev Fondunun Kannda təşkil etdiyi Azərbaycan mədəniyyəti günlərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın mədəniyyətimizin beynəlxalq aləmdə təbliğatında müstəsna rolları var. O hesab edir ki, Fondun bu istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində mədəniyyətimiz dünya ölkələrində təbliğ olunur. “Sözsüz ki, Mehriban Əliyevanın rəhbərliyi altında, eyni zamanda, Leyla Əliyevanın fəallığı nəticəsində Heydər Əliyev Fondu qlobal aləmdə, beynəlxalq miqyasda Azərbaycan mədəniyyətinin, təbiətinin, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox mühüm layihələr həyata keçirib. Bu kimi layihələrin vaxtaşırı təkrarlanması Azərbaycanın imicinin müsbət yöndə inkişafına xidmət edir. Bilidiyiniz kimi, beynəlxalq təşkilatların bir çoxunun, eləcə də UNESCO-nun mənzil qərargahı Fransada yerləşir. Azərbaycan mədəniyyətini Fransada təbliğ etməklə, burada mədəniyyət günləri təşkil etməklə, klassik musiqimizin konsertlərini, xalq sənətimizin müxtəlif sahələrinin sərgisini reallaşdırmaqla Heydər Əliyev Fondu dünyaya bir kreativ mesaj ötürür. Yəni Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların, multikulturalizmin mərkəzidir, qədim mədəniyyətə malik həm Şərq, həm Avropa ölkəsidir, Azərbaycanda Avropanın sərhədi bitir, Şərqin sərhədi başlayır, yaxud əksinə. Azərbaycan insanı əsrlərlə şairlərin, filosofların, alimlərin, hətta din xadimlərinin arzuladığı ümumbəşəri bir insandır. Bu baxımdan, növbəti dəfə Kannda Azərbaycan mədəniyyətinin təbliği baxımından keçirilən Azərbaycan mədəniyyəti günləri xüsusi əhəmiyyətə malikdir” – deyə A.X.Əbilov qeyd etdi.

Ekspertin bildirdiyinə görə, Kann uzun illərdir dünya mədəniyyətinin təbliğ edildiyi bir məkandır. Bu şəhərin həm məşhur “Kann” Kino Festivalının keçirildiyi yer, eyni zamanda da Avropanın mədəniyyət mərkəzlərindən biri kimi dünyanın diqqətində olduğunu deyən A.X.Əbilovun fikrincə, orada Azərbaycan mədəniyyəti günlərinin təşkil edilməsi imkan verir ki, həm beynəlxalq təşkilatların təmsilçiləri, həm fransızlar, həm də turistlər Azərbaycan mədəniyyəti ilə tanış olsunlar. “Kannda, Avropa meqapolisində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, müxtəlif mədəniyyət nailiyyətlərimizin nümayiş etdirilməsi bir daha Azərbaycanın Avropadakı imicinin daha da möhkəmlənməsinə şərait yaradacaq. Eyni zamanda da ölkəmizin mədəniyyətlərarası mərkəz kimi əhəmiyyətli dərəcədə böyük bir təsirə malik intellektual, kreativ beyin mərkəzi olduğunu sübut etmiş olacaq” – deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA

https://www.baki-xeber.com/medeniyyet/93051.html