Fransada Hidayətin bayraqla sevinməsinə niyə icazə verilməyib? – RƏSMİ AÇIQLAMA

0
59

Bu gün kütləvi informasiya vasitələrində ötən gün Paris Yay Olimpiya Oyunlarında çempion olan cüdoçumuz Hidayət Heydərovun qələbə qazandığı görüşdən sonra Azərbaycan bayrağı ilə sevinməsinə imkan verilmədiyi barədə görüntülər yayımlanıb. Eyni zamanda başqa ölkələrin idmançılarına belə icazə verildiyi halda təmsilçimizin istəyinə qarşı çıxıldığı vurğulanıb.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasının (ACF) mövqeyini öyrəndik. Qurumun Marketinq və kommunukasiyalar üzrə meneceri Rəşad Tuncay açıqlamasında hadisənin qaydalar çərçivəsində baş verdiyini bildirib:

“Cüdo idman növününü qaydalarına əsasən, bu idman növünə aid olmayan hər hansı bayrağın, rəmzin, əşyanın yarış meydanına daxil olunmasına icazə verilmir. Bu, cüdonun “təmiz oyun” şüarına tətbiq edilmiş qaydalardır. Qazaxıstan təmsilçisinin bayraqla sevincinin görüntülərinə sona qədər baxsaq, onun bu hərəkətinin xoş qarşılanmadığı, bayrağın əlindən alındığı və özünə xəbərdarlıq edildiyini görə bilərsiniz. Ümumiyyətlə, bu hadisəyə görə Qazaxıstan Cüdo Federasiyasına ciddi xəbərdarlıq edilib.

Hidayət Heydərovun bayraqla təmin edilməməsi bununla əlaqədardır. Hansısa xüsusi bir məqsəd yoxdur. Yarış meydanı və idmançıların hərəkət etdiyi ərazilərdə yarışa aid olmayan heç bir əşyaya icazə verilmir. Belə fakt aşkar olunarsa, supervayzerlər bununla bağlı dərhal tədbir görürlər”.

Qeyd edək ki, -73 kq çəki dərəcəsində çempion olan Hidayət Heydərov Azərbaycan Olimpiya komandasına Paris-2024-də ilk qızıl medalı qazandırıb.