Fransada erməni əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar?

0
186

Fransada təxminən yeddi mərkəzdə Ermənistandan olan əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar”.

Bu sözləri rusiyalı jurnalist Anastasiya Kaşevarova öz “Telegram” kanalında etdiyi paylaşımda deyib.

“Bu yaxınlarda “Zerqulio” kanalı Fransadakı erməni hərbçilərin sonradan Ukraynadakı münaqişə zonasına (kimin tərəfində olduğu aydındır) göndərilməsi üçün hazırlanmasından yazmışdı.

Təəssüf ki, bu məlumat öz təsdiqini tapdı, üstəlik, mənim mənbələrimin verdikləri məlumata görə, erməni əsgərlərinin hazırlanması üçün təkcə Fontevro Labedəki təlim mərkəzindən istifadə edilmir, bu mərkəzlər bir neçə dənədir (bəlkə də, yeddiyə yaxındır). Təsdiq olaraq bu təlim mərkəzlərindən foto və videolar göndərilib. Xüsusilə Mayi-le-Kan yaşayış məntəqəsi ərazisindəki təlim mərkəzinə döyüş hazırlığı mərkəzi (CENTAC – Centre d’entrainement au combat) və idarəetmə məntəqələri zabitlərinin hazırlıq mərkəzi (CES – Center d’entrainement des post de commandement) daxildir”, – deyə Anastasiya Kaşevarova paylaşımda bildirib.

Onun sözlərinə görə, əsgərlər fransız təlimatçılar, o cümlədən etnik ermənilər tərəfindən işə götürülüb, həmçinin, aralarında Qarabağ separatçılarından “könüllülər” də olub.

“Amma mənim bildiyimə görə, bu proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərdiyi üçün Fransaya məcburi şəkildə hərbi qulluqçular da göndəriliblər. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onları Rusiyaya qarşı müharibəyə yönləndirmək niyyətindədirlər”, – deyə rusiyalı jurnalist qeyd edib.

“Qəribə təsadüfdür ki, oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın oldu ki, söhbət hansı “təcrübə mübadiləsindən” gedir”, – Anastasiya Kaşevarova vurğulayıb.

“Xatırladım ki, Ermənistan hələ də KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) üzvüdür. Müttəfiqə bax”, – deyə jurnalist istehza ilə fikrini tamamlayıb.