“France 24” televiziya kanalında “Dağlıq Qarabağa bələdçi ilə səfər: mina təmizləməsi, tikinti və kommunikasiya” adlı reportaj yayımlanıb.
Reportajda Azərbaycan hökuməti tərəfindən onlarla jurnalistdən ibarət qrup üçün İkinci Qarabağ müharibəsində azad edilmiş ərazilərimizə bələdçi ilə turun təşkilindən söz açılıb. “France 24” kanalının ölkəmizdəki xüsusi müxbirinin də turda iştirak etdiyi bildirilir. Qeyd edilir ki, kommunikasiyasının məqsədi tur vasitəsi ilə bölgənin inkişafında hökumətin iradəsini göstərmək olub.
Reportajda İkinci Qarabağ müharibəsində azad edilmiş Füzuli rayonunda aparılan quruculuq işləri ilə tanış olmaq üçün onlarla jurnalistin dəvət olunduğu göstərilib. Jurnalist qrupu üçün təşkil edilmiş turun ilk mərhələsi ərazilərin minalardan təmizlənməsini göstərmək olub. Mina təmizləmə işlərinə məsul şəxs Mədəd Məmmədov minadan təmizləmə işlərinin beynəlxalq mediyada işıqlandırılmasının əhəmiyyətinə toxunaraq, ermənilərin mina xəritəsini vermədiyini bildirib. Qeyd edib ki, mina təmizləmə işlərində üzləşdikləri əsas problemlər məhz ermənilər tərəfindən mina xəritəsinin verilməməsidir. Xəritə olmadığı üçün minasız yerlər də minalı kimi qəbul edilir və minatəmizləmə işləri çox vaxt aparır.
Həmçinin reportajda Füzulidə aeroport tikinti sahəsini əks etdirən videogörüntülər yayımlanıb və dövlət tərəfindən büdcə ayrıldığı, gələn payıza qədər aeroportun istismara verilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb. Yeni aeroportun tikintisinin Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə tikildiyi bildirilərək, aeroportun regionun turistik, eləcə də loqistik potensialına böyük töhfə verəcəyi vurğulanıb. Qeyd edilib ki, aeroportu azad edilmiş digər rayonlarla birləşdirən avtomobil yolu tikilməkdədir. Bu tikintilərdə Azərbaycan və türk şirkətlərinin çalışdığı bildirilib. Eyni zamanda, Füzulini Qarabağın mərkəzində yerləşən Şuşa şəhəri ilə birləşdirəcək ən qısa avtomobil yolunun da tikilməkdə olduğu vurğulanıb.