Fransa KİV: “Ermənilərin separatçı istəklərinə baxmayaraq, Qarabağ Azərbaycanın suveren hissəsidir”

0
173

Ötən həftə Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda və Ermənistanda səfərdə olub.

Fransanın “L’Opinion” qəzeti bu səfərin məqsədi və ümumiyyətlə regionda baş verənlər barədə məqalə hazırlayıb.

“Bakının nöqteyi-nəzərindən Fransa ermənipərəst mövqeyinə görə “vicdanlı vasitəçi” sayıla bilməz. Fransa xarici işlər nazirinin son altı ildə ilk səfəri də məhz Azərbaycanla mürəkkəb münasibətlərin bərpasına yönəlib”, – deyə məqalədə vurğulanıb.

Müəllifin sözlərinə görə, fransalı nazirin Qafqaz ölkələrinə səfəri Rusiyada mənfi qarşılanıb və o, Moskvanın vasitəçilik səylərinə mane olmaqda ittiham edilib.

Nəşrdə 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunulub.

“2022-ci il oktyabrın 6-da Praqada keçirilən görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etdilər”, – deyən müəllif ermənilərin separatçı istəklərinə baxmayaraq, beynəlxalq hüquqa görə, Qarabağın Azərbaycanın suveren hissəsi kimi tanındığını vurğulayıb.

“Hazırda, Ermənistana görə, Qarabağda yaşayan ermənilərin sayı 120 minə yaxındır, ancaq rəsmi Bakı bunun dəfələrlə az olduğunu açıqlayıb. Bundan başqa, Bakı Ermənistanın 2020-ci il sazişinə zidd olaraq hələ də Qarabağda 10 min nəfərlik hərbi kontingent saxladığını bəyan edib”, – deyə məqalədə qeyd olunur.

Müəllif sülh müqaviləsinin bağlanması üçün hazırda bir neçə məsələnin müzakirə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bunlardan birincisi Sovet İttifaqı dönəmində müəyyənləşdirilmiş sərhədlərin dəqiq demarkasiyasıdır.

Müəllif İrəvanın istəyi və Fransanın təşəbbüsü ilə Aİ-nin monitorinq missiyasının yaradıldığını xatırladıb və bildirib ki, Bakı İrəvanı Aİ monitorinq missiyasından öz dağıdıcı fəaliyyəti üçün qalxan kimi istifadədə ittiham edir.

Müzakirə olunan ikinci məsələ kimi Bakının Qarabağda ermənilərin öz hüquqlarına, mədəniyyətinə, tarixinə hörmətlə bu ərazidə yaşamaq hüququna təminat verdiyi vurğulanıb və bu formulun Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutduğunu qeyd edilib.

Masaya qoyulan üçüncü məsələnin kommunikasiya marşrutlarının açılması – Ermənistanla Qarabağ arasında təkcə Laçın yolunun deyil, həm də Naxçıvanla quru əlaqəsi üçün Zəngəzur nəqliyyat dəhlizinin açılması və istifadəyə verilməsi olduğu bildirilib.