“France-Presse”: “Qarabağ ermənilərini separatçı rejimin nümayəndələri ərazini tərk etməyə təşviq ediblər”

0
138

Fransa mətbuatı “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağın erməniəsilli sakinlərinin könüllü şəkildə və sərbəst formada Ermənistana keçidi prosesini izləyib.

RFI radiosunun əməkdaşı məntəqə yaxınlığında olub.

Radionun xəbərində qeyd olunub ki, burada Ermənistana keçən şəxslərin sənədləri yoxlanılır, texniki vasitələrlə şəxsiyyətləri müəyyənləşdirilir.

Sərhəddəki qaçqınlardan bəziləri “France-Presse”ə bildiriblər ki, separatçı rejimin nümayəndələri onları Qarabağı tərk etməyə təşviq edib.

Məqalədə qeyd olunub ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayışda 100-dən çox adam ölüb, 290 nəfər yaralanıb.

Bildirilib ki, Azərbaycan Qızıl Xaç Komitəsinə qurbanların müalicəsinə kömək etmək üçün təcili yardım maşınları ilə sürətlə hərəkət etməyə, Ermənistana isə 67 nəfəri helikopterlə İrəvandakı yanıq mərkəzinə təxliyə etməyə icazə verib.

Yazıda Qarabağla bağlı sonrakı proseslərə də toxunulub.

“Azərbaycan Qarabağda silahı yerə qoyan erməni hərbçilərə amnistiya tətbiq etmək niyyətindədir. Amma Qarabağ müharibələri zamanı hərbi cinayətlər törədənlər bizə təhvil verilməlidir”, – Azərbaycan hökumətindəki mənbə “France-Presse” nəşrinə bildirib.