“Fortnite” turniri başa çatdı

0
564

Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi, ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “Fortnite” oyunu üzrə turnirə yekun vurulub. 

“Mountain Dew” brendinin dəstəyi ilə keçirilən və 128 komandanın iştirak etdiyi maraqlı turnirdə hər yarış günü 32 kollektiv növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparıb. Ən yüksək nəticəni göstərən “Force” komandası yarışın qalibi adını qazanıb. “Junior Teamgo” ikinci yeri tutub. “Ghostik&teews” üçüncü yerlə kifayətlənib. 

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır