Formula 2-nin qalibləri müəyyənləşdi

0
698

“Campos Racing” komandasının pilotu Cek Aitken Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.

32 dövrənin yekununda Cek Aitken 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Qaliblərə mükafatlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.