“Müharibə dövründə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində 4 qaynar xətt fəaliyyət göstərib. Hazırda onların fəaliyyəti dayandırılıb”.
Bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev məlumat verib.
F.Nəbiyev bildirib ki, döyüşlər zamanı bu qaynar xətlər aktiv olub, artıq ehtiyac olmadığı üçün xətlər deaktiv edilib:
“Bu gün də Tibb Baş İdarəsinə müraciət edənlər var. Heç bir problem yoxdur, idarənin zabitləri qazilərə kömək etmək üçün əllərindən gələni edirlər. Ordudan tərxis olunmayan hərbi qulluqçularımız istənilən vaxt Müdafiə Nazirliyinin müalicə müəssisələrinə müraciət edə bilərlər.
Onların müraciəti ilə bağlı problem yoxdur. Eləsi var ki, hazırda evdə məzuniyyətdədirlər, eləsi var ki, hərbi xidmətə yararlı olduqları üçün xidməti davam etdirirlər. Onların müalicəsi ilə bağlı Nazirliyin müalicə müəssisələrində çətinlik yoxdur.
Ordudan tərxis olunmuş yaralıların müalicəsi ilə bağlı onu demək istəyirəm ki, ölkədə müalicə müəssisələri tək Nazirliyin tabeliyində deyil. Ölkənin səhiyyə nazirliyinin, TƏBİB-in tabeliyində olan müalicə müəssisələri var. Onlar yaşadıqları ərazi üzrə xəstəxanalara müraciət edə bilərlər.
Bəzən bizə də müraciət edənləri həmin xəstəxanalara yönləndirməklə köməklik edirik. Tərxis olunan yaralıların müalicəsi ilə bağlı istər TƏBİB-in, istərsə də Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda da heç bir problem yoxdur. Bu gün demək olar ki, respublika üzrə bütün xəstəxanalar tibbi sığorta sisteminə keçir.
Dərman təminatı məsələsinə gəldikdə isə hazırda Nazirlikdə ehtiyata buraxılmayan qazilərin dərman təminatı poliklinika və müalicə müəssisələrimiz tərəfindən təmin edilir. Amma əgər tərxis olunublarsa, onların bütün dərman təminatını müraciət etdikləri müəssisələr öz üzərinə götürür”.