Fikrət Qocanın 90 illiyi qeyd olunacaq

0
14

Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 illiyi qeyd olunacaq.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, 2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur:

“Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir”.

Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçiriləcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.