FHN-də qazilərə və şəhid ailələrinə psixoloji yardımla bağlı mətbuat konfransı keçirilib

0
186

Fövqəladə Hallar Nazirliyində Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin reabilitasiyasının daha səmərəli təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib. 

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, konfransda çıxış edən FHN Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva bildirib ki, COVID-19 pandemiyası başladıqdan sonra mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən 8 aprel 2020-ci il tarixindən etibarən “112” qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi təşkil olunub.

Vətən müharibəsi dövründə də Gəncə, Bərdə və Tərtərdə, eyni zamanda erməni silahlı qüvvələrinin raket və artilleriya zərbələrinə məruz qalmış digər rayonlarda yaşayan, erməni terrorundan fiziki və mənəvi zərər görmüş, psixoloji dəstəyə ehtiyacı olan insanlara psixoloji yardım göstərilib.

Həmçinin, 44 günlük Vətən müharibəsindən sonra da müharibə ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyası təşkil olunub. Həmin kateqoriyadan olan vətəndaşların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından gəlmiş 25 nəfər peşəkar psixoterapevt və FHN-in psixoloqunun iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib. Bu layihə 2021-ci ilin avqust ayına qədər davam edib, 2000-dən çox vətəndaşa 4 000-dən çox psixoloji seans keçirilib. Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyası həyata keçirilib.

5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından yenidən 20 nəfər peşəkar psixoloq ölkəmizdə olacaq. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.

Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

FHN-in dəvəti ilə Türkiyədən dəvət olunmuş psixoloq mütəxəssislərdən ibarət qrupun rəhbəri Selcuq Demirtaş mətbuat konfransında bildirib ki, yeddi ay ərzində Bakı ilə yanaşı, Bərdə, Gəncə, Lənkəran və Sumqayıtda 2160 qaziyə və şəhid ailəsi üzvlərinə yardım göstərilib:

“Çoxunda travma sonrası stress problemi var idi. Başağrıları, yuxugörmə, yuxudan qəfil ayılma kimi nümunələr var idi. 4500 seans həyata keçirdik. Göstərdiyimiz xidmət sonunda 80 faiz vətəndaşda sağalma müşahidə elədik”.

Selcuq Demirtaş qeyd edib ki, bu il yenidən 20 psixoloqla Azərbaycana gəliblər:

“Biz təcrübəmizlə Fövqəladə Hallar Nazirliyinin 20 psixoloquna təlimlər keçdik. Hazırda FHN-in psixoloqları ilə birgə xidmət göstərəcəyik”.