FHN-də “Eurohome”dakı yanğınla bağlı müşavirə – Nazir müavini tapşırıqlar verdi

0
632

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə FHN-nin yaydığı məlumatda bildirilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov ümumilikdə xidmətin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların daha az itkilərlə qarşısının alınması və operativ söndürülməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev  yanğının söndürülməsi ilə əlaqədar geniş məruzə edib. Bildirib ki, mürəkkəb yanğınlar kateqoriyasına aid edilən bu yanğının söndürülməsi təlimata uyğun qaydada təşkil edilib.

O deyib ki, itkilərin minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətini bütövlükdə müsbət qiymətləndirib.

Bununla belə, şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə  profilaktik tədbirlərin həyata keçirilməsi, yanğından mühafizə işinin daha da səmərəli həyata keçirilməsi və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib.