Ötən il martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Daxili İşlər Nazirliyinin əməkdaşı ifadə verib. O bildirib ki, Rəşad Əhmədovun psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Qeyd edib ki, əməliyyat qrupu yaradılıb və həmin qrupa da özü rəhbərlik edib.
Şahidin sözlərinə görə, 2023-cü il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçiriblər və Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanılıb.
Daha sonra hakim şahidlərin dindirilməsinin başa çatdığını elan edib. Hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını açıqlayıb. Bundan sonra hakim təqsirləndirilən şəxslərdən təqsirli bilib-bilməmələrini soruşub.
Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər.
O bildirib ki, Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyiblər. Hakimin suallarını cavab verən Azər Səricanov deyib ki, o, terrorçuluğu planlaşdırmaqda özünü təqsirli bilib. Azər Səricanov deyib ki, başqa dövlət orqanlarına da girib, orada hər kəsi güllələmək istəyib.
Bundan sonra Azər Səricanovun ibtidai istintaq zamanı verdiyi ilk ifadələri açıqlanıb. Həmin ifadələrdən birini 2023-cü ilin iyulun 2-də, digərini isə həmin ilin noyabrın 15-də verib.
Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində göstərib ki, Rəşad Əhmədovu təxminən 1 il bundan əvvəl, yəni 2023-cü ildə tanıyıb, ilk vaxtlar söhbətləri yaxşı alınıb:
“Sonradan Rəşada kərə yağı sata biləcəyini söyləyib. Rəşad razılaşandan sonra hər 10-15 gündən bir ona 15-20 kiloqram çəkidə kərə yağı vermişəm. Bu münasibətlər çərçivəsində əlaqələri daha da yaxşılaşıb. Təxminən 1 il müddətində bu qaydada çalışmışam. Tarixi tam xatırlamasam da, təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu bildirdi. Mən də Rəşaddan sərhədyanı əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. Rəşad həmin əraziləri yaxşı tanıdığını söylədi. Bundan sonra Rəşada əgər nə vaxtsa lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İran İslam Respublikasına adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini söylədi və nə üçün bunu soruşduğunu maraqlandıqda həmin vaxt Rəşada heç nə demədim. Lakin həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul oldum. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırdım. Bundan sonra görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirdi. Burada əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. Danışıqları zamanı Rəşad özünün Valeh adlı uşaqlıq dostunun olduğunu və onun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına dair söz verdi”.
Azər Səricanov daha sonra ifadəsində göstərib ki, 2023-cü ilin fevral ayında Rəşadla yenidən görüşü zamanı, ona İrana gedərək Valehlə Fazil Mustafanın öldürülməsi işini danışdığını, Valehin bu məsələni müsbət qarşıladığını və hətta işin alınacağı təqdirdə 30 000 ABŞ dolları verəcəyini söyləyib:
‘Mən bu işi pula görə etmədiyimi, lakin nə qədər verilsə də razılaşacağımı bildirdim. Bununla yanaşı, təxminən 12-13 mart 2023-cü il tarixdə başqa bir tanışımın evində saxlanılan “Walther” tipli tapançanı, patronları və 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu götürmək üçün Rəşadla birlikdə həmin evə getdim. Oraya gedəndə öz mobil telefonumu Xocəsəndə olan evində saxladım. Rəşadın isə mobil telefonu üzərində olub. Biz həmin evə Rəşadın “Opel” markalı maşını ilə getmiş, evə çatan zaman Rəşad maşından düşmşdi. Özüm gedib evdən silahı və patronları götürdüm və Rəşadın maşınının yük yerinə qoydum. Lakin Rəşada maşının yük yerinə qoyduğu əşyaların silah və patron olduğunu söyləmədim. Həmin zaman təxminən 2023-cü ilin mart ayının 19-da öz evidəə saxladığım qızılı rəngli silahı və onun darağında olan 7 ədəd patronu, həmçinin evdən götürdüyüm 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu saxlamaq üçün Rəşada verdim. Həmin silahı və patronları əgər Fazil Mustafanı Səbuhi vura bilməsə, Rəşadın Fazil Mustafanı gördüyü yerdə silahla vurmasını, həmçinin əgər Rəşad Səbuhi və Elşadı İrana keçirən zaman hər hansı bir maneə ilə rastlaşarsa silahdan istifadə etməsini Rəşada tapşırdım. Rəşad da razılaşaraq həmin silahı və patronları götürərək özündə saxladı”.
Azər Səricanov daha sonra qeyd edib ki, 28 mart 2023-cü il tarixdə Səbuhi Fazil Mustafanı silahla güllələyəndən sonra Rəşada zəng edib və növbəti gün üçün görüş təyin edib:
“Martın 29-da, saat 20-21 radələrində Rəşadın evində görüşən zaman Rəşad Fazil Mustafanın vurulması müqabilində 30 000 ABŞ dollarını verdim. Mən də həmin pulu sayaraq elə həmin zaman 2 000 ABŞ dollarını Rəşada təqdim etdim. Daha sonra isə Rəşadın mənə verdiyi dollar valyutasında olan pulları Bakı şəhəri ərazisində müxtəlif yerlərdə hissə-hissə olmaqla qeyri-rəsmi qaydada Azərbaycan manatına çevirərək əxminən 15 000 manat miqdarında pulu martın 30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən çayxanaların birində Səbuhiyə vermiş, qalan pulun bir miqdarını isə öz xərcləri üçün istifadə etmişəm”.
Daha sonra Azər Səricanovun 15 noyabr 2023-cü ildə istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, başqa dövlət orqanlarına da silahlarla girməli və qarşısına çıxan hər kəsi güllələməli imişlər: “Lakin tutulduğum üçün bu planların heç birini həyata keçirə bilməmişəm”.
Növbəti proses mayın 10-fa davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.