Bu gün xalq artisti Faiq Ağayev yubileyini qeyd edir.
Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub.
O, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Peşəkar səhnəyə 1988-ci ildə gələn müğənni elə həmin il “Bakı Payızı-88” respublika müsabiqəsinin qalibi olub. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.
Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.
“Cənab Qızıl Şlyager” ləqəbli müğənninin 1995-ci ildə “Ola bilməz” adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə “Səni əvəz eləmir”, 1998-ci ildə “Vəfasızım”, 2000-ci ildə “Faiq Ağayev – Seçmələr”, 2000-ci ildə “Minilliyin sonu…”, 2004-cü ildə “Tam məxfi” və 2006-cı ildə “Faiq Ağayev — Albom Kolleksiyası” albomları dinləyicilərinin ixtiyarına verilib.
1998-ci ildə Faiq Ağayev üçgünlük “10 il Sizinlə” solo konsertinə görə “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının sahibi olub. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanıb.
2000-ci il oktyabrın 28-də Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı verilib.
2000-ci ildə “Qızıl Mikrofon” Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə “İlin müğənnisi”, “İlin albomu” və “İlin konserti” nominasiyalarında “Grand” Milli Mükafatı sahibi olub.
2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən edib.
2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı verilib.
Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.
“Instagram” hesabında paylaşım edən sənətkar 50 illik ömrünün 33 ilini sənətə həsr etdiyini bildirib:
“Bu illər ərzində enişli-yoxuşlu, uğurlu-qələbəli, çətin, mürəkkəb, amma çox xoşbəxt sevgi və səadət dolu yol keçdim. İndi qərarlaşdığım bu yerdə, bu nöqtədə tam əminliklə deyə bilərəm ki, həqiqətən, arzusunda olduğum həyatı yaşayıram. Nağıl, film və ya daha düzgünü – mahnı kimi bir həyat. Və həyatımda heç nəyi dəyişmək istəmirəm. Mənə sənəti öyrədən əziz müəllimlərimə qəlbən minnətdaram. Yaxşı ki, sizin kimi ustadlarım olub. Sənət yolumda mənə dayaq olmuş mahnılarımın müəlliflərinə, bəstəkar və şairlərə, səhnədə mənimlə eyni coşqunu yaşayan musiqiçi və rəqqaslara, kliplərimi, konsertlərimi çəkən, mənə həmfikir və dəstəkçi olmuş rejissorlara ürəyimin bütün hərarəti ilə çox sağ olun deyirəm”.
O, 2 ildir böyük səhnə üçün çox darıxdığını etiraf edib:“Hamını bezdirən pandemiya mənim də qol-qanadımı qandallayıb, səsimi dustaq edib. Tətbiq olunan məhdudiyyətlər imkan vermədi ki, yubileyimi irimiqyaslı, ənənəvi 100 % F.A keyfiyyətli böyük solo konsertlə qeyd edim. Çoxunuz yaşıma təəccüblənib heç 50-ni göstərmədiyimi deyirsiniz. Çox istəyirəm ki, ruhumun da necə cavan olduğunu sizə səhnədə sübut edim. Sizinlə tezliklə, pandemiya bitən kimi anşlaqlı zalda görüşəcəyimə əminəm. Xoşbəxtəm ki, varımsınız, dəyərlilərim. Məni sevməkdə davam edin. Sizin 100, % F.A”.
videoya aşağıdakı linkdən baxa bilərsiniz