Fərhad Bədəlbəyli: “Üzeyir bəy musiqimizin düşmənlərinə qalib gəldi” – Mərasim

0
557

18 sentyabr dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Bu gün Milli Musiqi Günü münasibəti ilə mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Mərasimdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və digər musiqi xadimləri iştirak ediblər.

Xalq artisti Fərhad Bədəlbəyli Üzeyir Hacıbəylinin Azərbaycan musiqisindəki rolundan danışıb: “Üzeyir Hacıbəyli bizim musiqimizin peyğəmbəridir. O, Azərbaycan musiqisinin düşmənlərinə qarşı böyük mübarizə apardı və qalib gəldi. Bu gün milli musiqimiz bütün dünyanı fəth edib. Hər birimiz Üzeyir Hacıbəyli ilə fəxr edirik. Allah ona rəhmət eləsin, yaşasın Üzeyir bəy!”

Professor Siyavuş Kərimi isə dahi sənətkar haqqında bu sözləri deyib: “Üzeyir Hacıbəyli Fərhad Bədəlbəylinin qeyd etdiyi kimi Azərbaycan musiqisinin və ümumiyyətlə ziyalılığının peyğəmbəridir”.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də mərasimdə çıxış edib: “Yaşasın Azərbaycan və Azərbaycan musiqisi. Biz fəxr edirik ki, bizim belə istedadlı musiqiçimiz var”.

Qeyd edək ki, mərasimdə pandemiyaya görə az sayda mədəniyyət işçiləri iştirak ediblər.