EYOF Bakı 2019: Özümüzü evimizdəki kimi hiss edirik – Polşalı məşqçi

0
564

Polşalı gimnastika üzrə məşqçi Mixal Boqus Bakıda özünü evindəki kimi hiss etdiyini söyləyib və gimnastikanın Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman növü kimi inkişaf səviyyəsini qeyd edib.

Məşqçi bildirib ki, o, Bakıda ilk dəfə deyil.

“Biz milli komanda ilə ötən il təsnifat yarışlarına görə Azərbaycanın paytaxtına gəlmişdik. İndi müntəzəm yarışlarda iştirak etmək üçün gələn il yenidən Bakıya qayıtmağı planlaşdırırıq”, – o deyib.

Boqus qeyd edib ki, təşkilat komitəsi hazırlıq üçün əla bir iş görüb. Bakı Olimpiya Festivalı digər yarışlara qətiyyən bənzəmir – burada heyrətamiz ab-hava var, çox əyləncəlidir, o qeyd edib.

“Burada müxtəlif ölkələrdən və mədəniyyətlərdən bir çox nümayəndə iştirak edir. Bakıdakı festival nəinki idman, həm də mədəni təcrübə verir”, – o əlavə edib.

O, həmçinin bədii gimnastika üzrə kişilərin komandasında 110 idmançının olduğunu qeyd edib ki, bu da digər idman növlərindən daha çoxdur. Onun fikrincə, bu da idman növünün yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Xatırladaq ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.