“Exit poll”un nəticələrində mübahisəli dairələrdə qaliblər kimlər idi?

0
375

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

 İlkin açıqlamada 125 seçki dairəsindən 118-də lider namizədlər elan olunub, yeddi seçki dairəsi üzrə lider namizəd hələlik müəyyənləşmədiyi bildirilirdi.

Lakin sonradan MSK-nın saytında 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən Elnur Allahverdiyevin qalib olduğu barədə məlumat yerləşdirildi.

Lider namizədlərin müəyyənləşmədiyi yerdə qalan digər altı dairə isə aşağıdakılardır: 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi, 77 saylı Astara Seçki Dairəsi, 123 saylı Kəlbəcər Seçki Dairəsi və 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu və Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun birgə keçirdiyi “exit poll”un nəticələrində isə həmin dairələr üzrə lider namizədlər açıqlanmışdı.

35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arifoğlu, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Tahir Mirkişilinin, 44 saylı Sumqayıt-Xızı deçki dairəsindən Müşfiq Məmmədovun, 77 saylı Astara seçki dairəsindən Rəşad Mahmudovun, 123 saylı Kəlbəcər seçki dairəsindən Aqil Məmmədovun, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılovun qalib olduğu açıqlanmışdı.