Evlərdən iki milyonluq oğurluq edən “alpinistlərə” HÖKM OXUNDU

0
1542

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Cavid Süleymanov 9 il, Əhməd Əhmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.