Əsir mübadiləsi: Rusiya daha 307 nəfəri Ukraynaya qaytardı

0
16

Rusiya və Ukrayna arasında məhbus mübadiləsi davam edir. Rusiya əsirliyində olan daha 307 nəfər Ukraynaya qaytarılıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.

“Daha 307 ukraynalı evdədir. Bu gün Türkiyədə razılaşdırılan “1000-in 1000-ə” formatında məhbus mübadiləsinin ikinci günüdür. Təkcə bu iki gündə 697 nəfər artıq geri qaytarılıb. Sabah davamını gözləyirik.

Bu gün qayıdanlar arasında ordumuzun, Dövlət Sərhəd Xidmətinin, Ukrayna Milli Qvardiyasının hərbçiləri var.

Mübadilə prosesində iştirak edən, gecə-gündüz işləyən hər kəsə təşəkkür edirəm. Məqsədimiz hər kəsi və hər şeyi əsarətdən qaytarmaqdır. Bunu mümkün etmək üçün tərəfdaşlarla qarşılıqlı əlaqələrimizi davam etdiririk”, – deyə Zelenski bildirib.

Həmçinin Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 307 rusiyalı hərbçi də Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılıb. Nazirlik genişmiqyaslı məhbus mübadiləsinin davam edəcəyini qeyd edib.

Xatırladaq ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, ötən gün – mayın 23-də 270 Rusiya hərbçisi, o cümlədən Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Kursk vilayətindən olan mülki şəxslər də daxil olmaqla 120 mülki şəxs Rusiyaya geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri və 120 mülki şəxsi Kiyevə təhvil verilib.