Ermənistanla sülh hansı halda mümkündür?

0
124

Bu həftənin əvvəlində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işğaldan azad edilmiş Xocalının mərkəzi hissəsində, keçmiş xalçaçılıq fabrikindən bir qədər aralıda genişmiqyaslı tikinti çərçivəsində aparılan bərpa işləri əsnasında həyata keçirilən qazıntı işləri zamanı aşkar olunmuş kütləvi məzarlığa dair birgə brifinq keçirib. Həmin kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyətinin müəyyən edildiyi açıqlanıb.

Bununla bağlı “Caliber” “Youtube” kanalında yeni süjet paylaşıb.

“Bu xəbər bizi uzun müddət xalqımızın ruhunda qanayan bir mövzuya qaytardı. Bu yaxınlarda, bir aydan az bir müddət əvvəl Azərbaycan xalqı və bəşəriyyətin hələ də qəddarlaşmamış, öz insani simasını qoruyub saxlaya bilən bütün təbəqəsi xalqımızın müasir tarixində faciəli tarixin daha bir ildönümünü – Xocalı soyqırımının 32-ci ildönümünü qeyd etdi. Bu hadisədən geri çəkilmək, diqqətdən kənarda qalmağa çalışmaq, susmaq, bu dəhşətli, qeyri-insani cinayətə qiymət verməkdən çəkinmək onu bəyənmək və qatilləri başqa yerdə bu çirkin əməlləri təkrarlamağa sövq etmək deməkdir.

Bir çox dövlətlər və siyasətçilər, xüsusən də o qatilləri dünyaya gətirən millətin, sonra onları ədalətli məhkəmədən qoruyan insanların himayədarları, rəğbətçiləri “Nə edək, olan oldu, keçən keçdi. Keçmişi niyə qarışdırırıq, gələcəyə baxmaq lazımdır. Bəli, qətllər törədilib, biz günahsız qurbanlara görə kədərlənirik, amma onları kimin öldürdüyünü deməyək” düsturu ilə dəvəquşu kimi başlarını quma basdırdılar. Bu, sadəcə olaraq ermənilərə işarədir: “Bacıcan, sən narahat olma, nəsə olarsa, səni qoruyarıq”.

Xocalı soyqırımının hazırkı ildönümündə Fransa, ABŞ və bəzi digər ölkələrin səfirliklərindən gələn yarı-yarımçıq, sona qədər deyilməyən tvitləri məhz belə qəbul etməliyik. Sosial şəbəkələrdə bu tvitlərə reaksiyaya baxsaq görərik ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti bu tvitlərə ikrah hissini bildiriblər.

İkiüzlülüklə dolu bu tvitlərə rəsmi səviyyədə reaksiya verməyə başlamağın vaxtıdır. Cinayətkarların adları çəkilməlidir, əks halda Azərbaycan xalqı haqlı olaraq bu cür bəyanatları müəlliflərin cinayəti inkar etmək, bu işdə şəriklik kimi qəbul edəcək.

Ermənistanla sülh sazişi ancaq Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı sakinlərinin öldürülməsi faktını Yerevanın tanıması və Ermənistanın törətdiyi cinayətlərə görə rəsmi üzr istəməsi şərti ilə imzalanmalıdır. Hər fevralda bizə “Siz özünüz vətəndaşlarınızı öldürmüsünüz” deyiləcək bir sülhü təsəvvür etmək mümkün deyil. İnkar etmək qarşısıalınmaz qisas istəyini doğurur və belə şəraitdə sülh mümkün deyil”, – deyə materialda qeyd olunub.