Ermənistanın təzminat ödəməsi bu cür həyata keçiriləcək – Professor detalları açıqladı

0
418

Ermənistanın təzminat ödəməsi bu cür həyata keçiriləcək - Professor detalları açıqladı

“Ermənistanın Azərbaycana təzminat ödəməsinin beynəlxalq hüquqda bir çox həlli yolları var. Cənab Prezident bu sahədə ciddi məsələlər irəli sürdü. İlk olaraq burada əsas məsələ vurulan ziyanın dəyərinin müəyyənləşdirilməsidir. Bununla bağlı dövlət komissiyası yaradılıb”.

Bunu professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev deyib.

O bildirib ki,30 il ərzində vurulan ziyanın hər biri ayrı-ayrı kriteriyalar üzrə müəyyən edilməlidir: “Dövlət və xüsusi mülkiyyətə vurulmuş ziyan, ekologiyaya, tarix və mədəni abidələrə, ümumən isə bəşəriyyətin irsinə vurulan bütün ziyanlar müəyyənləşdirilməlidir. Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu ümumdünya irs siyahısına daxildir. Bu, bəşəriyyətin irsidir. Ermənistanın bu gün vurduğu ziyanların müəyyən hissəsi bəşəriyyətə qarşı yönəlib. Ona görə də hər bir kriteriyalar müəyyənləşdirilməlidir. Bundan əlavə, yaxşı olardı ki, bir sıra beynəlxalq təşkilatlar, komissiyalar bu prosesə dəvət olunsunlar. Prezidentin tapşırığı ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsində işçi qrupu yaratmışıq. Xarici dövlətlərin müvafiq ekspertləri, qeyri-hökumət təşkilatları və UNESCO-ya müraciət edilməlidir”.

Ə.Əliyevin sözlərinə görə, Ermənistana bununla bağlı təklif edə bilərik ki, onların da nümayəndəsi Azərbaycana vurulan ziyanın ölçülməsi prosesində iştirak etsin: “Ermənistanın Azərbaycana vurduğu ziyan üçün yaradılacaq komissiyada düşmən ölkə də iştirak etməlidir. Biz onlara sivil təklif verə bilərik. Ancaq bilirik ki, beynəlxalq təşkilatların qərarlarını pozan, beynəlxalq hüquqa hörmət etməyən, cinayətlər törədən bir dövlət heç vaxt bu prosesdə iştirak etmək istəməyəcək. Ziyan və onun məbləği müəyyən ediləndən sonra isə müvafiq beynəlxalq təşkilatlar səviyyəsində məsələ qaldırılmalıdır. BMT strukturu- Təhlükəsizlik Şurası, Baş Məclis, BMT-nin müvafiq komissiyaları, BMT Beynəlxalq Məhkəməsi, İnsan Hüquqları Şurası, BMT-nin bütün komissiyalarının hər birinə ayrı-ayrılıqda müraciət oluna bilər. İnsan Hüquqları Komitəsi də Ermənistana qarşı iddia qaldıra bilər. İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinə, Uşaq Hüquqları Komitəsinə də müraciət ünvanlamaq mümkündür” .

Professor vurğulayıb ki, bütün ziyanın hər bir istiqaməti üzrə onun müəyyən etdiyi quruma müraciət etmək lazımdır: “Detallar çox incəliklə müəyyənləşdirilməlidir. Kənardan bu sahədə hüquqi biliyə malik olan ekspertlər də cəlb olunmalıdır ki, proses daha detallı araşdırılsın və hədəf düzgün seçilsin. Dəyər ölçüləndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunmalı, təzminatın ödənilməsi ilə bağlı ciddi məsələlər qaldırılmalıdır. Bundan başqa, törədilmiş beynəlxalq cinayətlərə görə məsuliyyət məsələsi də ayrıca qaldırılmalıdır. Prosedur ciddi şəkildə aparılmalıdır və Ermənistan bir dövlət kimi, həmin cinayəti törədən şəxslər də ayrı-ayrılıqda beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.