Qazax rayonunun Aşağı Əskipara kəndi Ermənistanın işğalı altında qalan və Azərbaycana qaytarılmalı olan yeddi kəndindən biridir. Məhz bu istiqamətdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribat törədiblər.
Millət vəkili Hikmət Babaoğlunun fikrincə, təxribatın məhz sözügedən istiqamətdə baş verməsi ermənilərin həmin kəndlərin azad olunmasına etirazı kimi qəbul edilə bilər.
Politoloq Zaur Məmmədov Baku TV-yə bildirib ki, Ermənistan kapitulyasiyaya imza atdığı üçün ölkədə anti-Paşinyan koalisiyası yaranıb, cəmiyyət daxilində çox ciddi fikir ayrılıqları, etirazlar baş qaldırıb: “Vəziyyətin belə olması səbəbindən isə hakimiyyət çevriliş qorxusundan fikri yayındırmaq üçün müharibədə məğlub olsa da, təxribat addımları atmağa davam edir. Atəşkəsin pozulması ilk növbədə üçtərəfli bəyənatın müddəalarına ziddir. Bu baxımdan Ermənistan bu əməllərilə yalnız Azərbaycan və Türkiyəyə qarşı nümayişkaranə şəkildə öz təxribatçı sifətini göstərmir, eyni formada Rusiya sülhməramlıları və dövlətinə qarşı getmiş olur”.
Ekspertlərin fikrincə, Ermənistanın bu təxribatları, işğalçılıq siyasəti Azərbaycanın “Dəmir yumruğu”nun onun başını əzməsinə gətirib çıxardı. Bundan sonra da rəsmi İrəvan vəziyyəti gərginləşdirməyə can atarsa, bu yalnız onsuz da iflic durumda olan Ermənistanın daha da dalana dirənməsi ilə nəticələnəcək.