Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında

0
513

Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatlarla bağlı son vəziyyət ABŞ-ın geniş izləyici kütləsinə malik Con Batçelor Şou radio proqramında işıqlandırılıb. Müsahibə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru, Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı Brenda Şefferlə baş tutub.Aparıcı C.Batçelor illərdir Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərində son günlərdə müşahidə olunan gərginliklə bağlı sual ünvanlayaraq son vəziyyətlə maraqlanıb.

E.Süleymanov cari ilin iyul ayından etibarən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlar həyata keçirdiyini bildirərək iyulda törədilən təxribatın Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca baş tutduğunu, hazırkı hücumun isə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları ilə təmas xəttində baş verdiyini qeyd edib. Mülki əhalinin məskunlaşdığı ərazilərin bombalanması nəticəsində dinc sakinlərin qətlə yetirildiyi və yaralıların olduğu bildirilib. Səfir hazırlıqlı olan Azərbaycan hərbi qüvvələrinin Ermənistanın bu hücumunu uğurla dəf etdiyini və bir sıra işğal altında olan əraziləri düşmən əsarətindən azad etdiyini dilə gətirib.

O, xüsusilə qeyd edib ki, hazırda bütün əməliyyatlar Azərbaycanın beynəlxalq tanınmış suveren ərazilərində, Azərbaycan sərhədlərinin daxilində həyata keçirilir və bu münaqişədən ən çox əziyyət çəkən də Azərbaycan xalqı olub. Aparıcı C.Batçelorun ölkəmizə səfəri zamanı Tərtərdə gedən inkişafın, infrastrukturun şahidi olduğunu, hazırda isə həmin ərazilərin Ermənistan tərəfindən artilleriya atəşinə tutulduğunu və dağıntılara məruz qaldığını bildirib.

E.Süleymanov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin Ermənistan ərazisində heç bir hərbi məqsədinin olmadığını, Azərbaycanın yeganə məqsədinin ölkəmizin və xalqımızın müdafiəsi və mühafizəsi olduğunu qeyd edib.

Ermənistanın hərbi təxribatlarının regional və beynəlxalq nəticələrinin müzakirəsi zamanı professor B.Şeffer regionda yerləşən Rusiyanın Ermənistanda iki hərbi bazasının olduğunu, bu ölkənin hava məkanına nəzarət etdiyini bildirib. Həmçinin Ermənistanla yaxın əlaqələrə malik İranın Rusiya və Ermənistanla birlikdə regionda Azərbaycan və Türkiyəyə, dolayısı yolla isə İsrailə qarşı olduğunu bildirib. İyul ayında Ermənistan tərəfindən törədilən təxribatın regionun əsas enerji və infrastruktur layihələrinə yaxın baş verdiyinə də diqqət çəkib.

ABŞ Dövlət Departamentinin bəyanatında tərəflərin əməliyyatları dayandırmağa və danışıqlar masasında geri dönməyə çağırdığını, ABŞ Prezidenti və bir sıra digər ölkə rəhbərlərinin, o cümlədən BMT-nin Baş katibinin tərəfləri sülh danışıqlarına dəvət etdiyini xatırladan səfir Azərbaycanın hər zaman substantiv danışıqlar tərəfdarı olduğunu, hər iki ölkə üçün müsbət nəticələrin əldə olunması məqsədilə Ermənistanı bu danışıqlarda irəliləməyə dəvət etdiyini bildirib. Əksinə, Ermənistanın davamlı olaraq sülhü rədd etdiyi, bu ölkə rəhbərliyinin açıq şəkildə danışıqları istəmədiyini bildirməsini və danışıqlar üçün əsas təşkil edən Madrid prinsiplərini rədd etdiyini bildirib. Səfir deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz həyat yoldaşı Ana Hakopyanı Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimə göndərib, o isə azərbaycanlı uşaqların həlak olduğu kəndlərə silah tuşlayaraq insanları müharibəyə həvəsləndirib. Hazırda isə həmin ərazilərdə hər iki tərəfdən insanların yaralanması və həlak olması müşahidə olunur. Səfir Ermənistanın bu işğalın daimi olmayacağını anlayacağına ümid etdiyini bildirib.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7693428-catastrophe-in-the-south-caucasus-as-armenia-shells-and-murders-azerbaijan-civilians-elinsuleym internet səhifəsindən tanış olmaq mümkündür.

Eyni zamanda səfir E.Süleymanov ABŞ-ın ən geniş izləyici auditoriyasına malik olan “FOX News” xəbər agentliyinə müsahibə verərək Ermənistanın bu təxribatının gözlənilməz olmadığını, eləcə də erməni rəsmilərin davamlı olaraq sülh danışıqlarından imtina etdiyini vurğulayıb. Müsahibə ilə https://www.foxnews.com/world/armenia-azerbaijan-clashes-us-international-community-intervene internet səhifəsindən tanış olmaq mümkündür.