Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb

0
152

“Üçtərəfli Bəyanat imzalandıqdan qısa müddət sonra I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsi, qazıntı və ekshumasuya işlərinin aparılması məsələsi gündəmə gəldi”.

Bunu müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Bir məqamı xüsusilə qeyd etməliyəm ki, Ermənistanın bu sahədəki açıqlamaları daha çox imitasiya xarakteri və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyır. Biz ötən müddət ərzində Ermənistandan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində məqsədyönlü fəaliyyətin şahidi olmamışıq. Məlumdur ki, I Qarabağ müharibəsində itkin düşmüş bütün şəxslər Ermənistan tərəfindən işğal edilmiş və bu ölkənin silahlı birləşmələrinin 30 il nəzarət etdiyi ərazilərdə itkin düşüblər. Yəni bu, o deməkdir ki, həmin şəxslər barədə məlumatlar daha çox Ermənistan tərəfdədir. Hətta Ermənistan rəsmiləri bunu inkar belə etmirlər, onlar mətbuata açıqlamalarında bunu təsdiq edən fikirlər səsləndiriblər”, – deyə İsmayıl Axundov bildirib.

O qeyd edib ki, üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfinin bu sahədə müəyyən addımlarına şahid olublar, ancaq bu, itkin düşmüş şəxslərin tapılması və qarşıda duran vəzifələrin icrası üçün adekvat sayıla bilməz:

“Hətta çəkinmədən deyə bilərəm ki, Ermənistan tərəfindən meyit qalıqlarının verilməsi texnologiyası onların eyniləşdirilməsi sahəsində əlavə çətinliklərin yaranmasına səbəb olur. Meyit qalıqları dünyada qəbul edilmiş qaydalara uyğun ekshumasiya edilməli və xüsusi qaydalarda qablaşdırılmalı və daşınmalıdır. Bu qaydalara əməl edilmirsə, nəticənin əldə edilməsi bir çox hallarda mümkün olmur”.

Dövlət Komissiyasının katibi vurğulayıb ki, qarşı tərəf hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək 67 meyit kisəsində 148 şəxsə aid olduğu bildirilən qarışıq meyit qalıqlarını təhvil verib:

“Lakin mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş müvafiq ekspertizalar nəticəsində qarşı tərəfdən verilmiş qarışıq meyit qalıqlarının 117 şəxsə aid olduğu müəyyən edilib”.