Ermənistanda faşizmin çiçəklənməsi: Paşinyan nasist babası ilə fəxr edir

0
394

“Ümid edirəm ki, mən babamın adını ləyaqətlə daşıyıram”.

Ermənistanın baş naziri Nikol Paşinyan faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı danışarkən belə deyib.

Nikol Paşinyanın babasının kim olduğuna və Ermənistanın faşizm siyasətinə baxdıqda, burada təəccüblü heç nəyin olmadığını anlamaq mümkündür.

Nikol sözün əsl mənasında nasistlərə xidmət etmiş babasının adını layiqincə daşıyır.

Baba Paşinyan: Ermənistanın baş naziri faşizm üzərində qələbənin 75 illiyi münasibətilə adını daşıdığı babasının fotosunu paylaşdı və iddia etdi ki, babası sovet ordusunda nasistlərə qarşı döyüşüb. Məhz bu paylaşımdan sonra yeni faktlar ortaya çıxdı. “İravunk” qəzetinin araşdırmasına görə, Paşinyanın adını daşıdığı babası əslində II Dünya müharibəsində nasistlərə xidmət etmiş Qaregin Njdenin erməni legionunda SSRİ-yə qarşı döyüşüb. Ermənistan rəhbərliyi bunu təkzib etməyə çalışsa da, qəzet bununla bağlı sənədləri üzə çıxardı. Daha sonra Paşinyandan heç bir açıqlama gəlmədi. Bu, baba Paşinyanın nasistlərə xidmət etməsi məlumatının təsdiq edilməsi idi.

Və Paşinyanın babasının nasistlərin sırasında döyüşməsi heç də təəccüblü deyil. Qaregin Njdenin timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistan rəhbərliyi dilə gətirməsə belə, bundan sevinir də. Axı Paşinyanın babası Ermənistanın “milli qəhrəmanı”, Hitler ordusunda erməni cəza legionunu yaradan Njdenin əsgəri olub.

Bu fakt Nikol Paşinyanın Q.Njdeyə sevgisinin, bu faşistin qəhrəmanlaşdırılmasına qarşı edilən etirazları süngü ilə qarşılamasının şəxsi motivlərini də üzə çıxarır.

Qaregin Njde XX əsrin əvvəlində azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarının ideoloqu və iştirakçısı olub. O, həm də Ermənistanda bolşeviklərə qarşı mübarizənin əsas iştirakçılarından idi.

Njde “böyük Ermənistan idealogiyasını” formalaşdıran “Tseqakron” ideoloji təliminin müəllifidir. Bu təlim qatı millətçiliyi, faşist idealogiyasını təbliğ edir. Njdenin II Dünya müharibəsində nasistlərə xidmət etməsi, Ermənistanın da bu faşisti qəhrəmanlaşdırmasının səbəbi məhz bu təlimdən qaynaqlanır.

Keçmiş daşnak, Njde ləqəbli Qaregin Ter-Arutyunyan II Dünya müharibəsində nasistlərə qoşuldu və o, Üçüncü Reyxin xidmətində nasistlər tərəfindən yaradılan Cəza legionlarından birinə rəhbərlik edib. 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu ilə Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. Tarixi məlumatlara görə, bu legion təkcə Krımda 20 min insanı məhv edib. Rusiya Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir həbsxanasında ölüb“.

Fransa mediasında Njde haqqında maraqlı fakt ortaya çıxıb. Məlumata görə, Qaregin Njde və onun cəza legionu Berlində onlara qoşulmaqdan imtina edən erməniləri də qətlə yetirirmiş.

Hərçənd, ermənilərin nasizmə xidməti təkcə Njdenin legionu ilə yekunlaşmır.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib.

4 may 1945-ci il tarixində ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasina təqdim edib. Sözügedən məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc edilib.

ABŞ-ın Boston şəhərində nəşr edilən ermənilərə məxsus “Hairenik” qəzetinin 17 sentyabr 1936-cı il sayında daşnakların hitlerizmi və faşizmi “bəşəriyyətə hədiyyə” və “Almaniya və İtaliyayaya yeni həyat verən uğurlu sistemlər” hesab etdiklərini qeyd olunur.

“Hairenik” qəzetinin 1936-cı ilin avqust sayından daşnakların Holokostu dəstəklədiyini göstərən aşağıdakı sitat təqdim olunur: “Bu zəhərli elementlər xroniki xəstəlik kimi dərin kök saldıqları üçün bəzən onların kökünü kəsmək çətindir. Və insanlar üçün qeyri-adi üsulla onların kökünü kəsmək zəruri olduqda bu cəhd və üsullar inqilabi hesab edilir. Cərrahiyyə əməliyyatı zamanı isə qanın axması normaldır… Bu cür şəraitlərdə diktatorluq xilaskar rolunu oynayır”.

Erməni diasporu I Dünya müharibəsindən sonra Almaniyada və İtaliyada fəallaşan nasistlərə rəğbətini açıq şəkildə nümayiş etdirir, faşizmi “bəşəriyyətin xilaskarı” olaraq görürdü. II Dünya müharibəsində bəşəriyyət nasizmdən xilas olsa da, onların idealogiyasını davam etdirən əsasən ermənilər oldu. SSRİ tərkibindəki ermənilər faşizmə sevgilərini gizlətsələr də, erməni diasporu açıq şəkildə dəstəkləyirdi. SSRİ dağılandan sonra müstəqil olan Ermənistanda faşizm dövlət siyasətinə çevrildi.

2000-ci ildən 2018-ci ilə qədər Ermənistanı idarə edən Respublika Partiyası Njdenin “Tseqakron” ideoloji təlimindən əsas ideoloji baza olaraq istifadə edib. 2001-ci ildə Ermənistan rəhbərliyinin təşəbbüsü ilə Njdenin 115 illiyi dövlət səviyyəsində qeyd olundu, həmçinin, əsərlərinin ikicildiyi dərc edildi və Ermənistanın Mərkəzi Bankı yubiley sikkəsi olaraq “Qaregin Njde” adına 100 dramı buraxdı. Ermənistan zabitlərinin, gizirlərinin və xüsusi xidmət orqanları əməkdaşlarının mükafatlandırılması üçün Njdenin adına dövlət hərbi mükafatı da təsis olundu. 2003-cü ildə Syunik rayonu ərazisindəki Xustup dağının ətəyində Njdeyə abidə ucaldıldı. 2013-cü ildə Ermənistan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə rejissor Qraçya Keşişyan “Qaregin Njde” adlı film çəkdi. 2016-cı ilin 28 mayında Njdenin 130 illiyi münasibətilə İrəvanın mərkəzində ona 6 metrlik abidə ucaldıldı. O vaxt prezident olan Serj Sarkisyanın da iştirakı ilə abidənin təntənəli açılışı keçirildi. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyi faşizmi qəhrəmanlaşdırdığı üçün Ermənistana rəsmi etiraz etdi.

Lakin Ermənistan rəhbərliyi faşizmi qəhrəmanlaşdırmaqdan əl çəkmədi. Faşizmə əsaslanan dövlət siyasəti 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanın da dövründə davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında çıxışı zamanı Ermənistanda faşistlərin qəhrəmanlaşdırılmasını faktlarla gündəmə gətirməsindən sonra Ermənistana beynəlxalq səviyyədə etirazlar başlandı.

Nasistlərin soyqırımına məruz qalan yəhudilər etiraz edir;

Rusiya SSRİ-nin varisi kimi Ermənistana etiraz edir;

MDB ölkələri də bu etiraza qoşulurlar;

Lakin Nikol Paşinyan hakimiyyəti Njdenini “milli qəhrəman” olaraq qəbul edir və absurd iddialarla bu etirazlardan yayınmağa çalışır.

Qələbənin 75 illiyi ərəfəsində Paşinyanın babasının da Njdenin legionunda nasistlərə xidmət etməsi faktının ortaya çıxması bunun səbəbini bir daha aydınlaşdırdı. Və budur, Paşinyan fəxrlə deyir: “Ümid edirəm, babamın adını ləyaqətlə daşıyıram”.