“Ermənistan sərhədə qoşun yığır” xəbəri yayıldı: “Tiktok”un Azərbaycan seqmenti hərəkətə keçdi

0
193

“Ermənistan sərhədə qoşun yığır” xəbəri yayıldıqdan dərhal sonra “TikTok” sosial şəbəkəsinin “milli qəhrəmanları” iş başına keçdi.

İkinci Qarabağ müharibəsi zamanı həlak olan şəhidlərimizin şəkillərini, müharibə zamanı televiziyada yayımlanan cəbhədə baş vermiş hadisələri yeni xəbər kimi paylaşaraq hadisələri yeni baş vermiş kimi qeyd etdilər. “Cəbhədə atışma gedir. Şəhidlərimiz var, Ordumuz hücuma keçdi və s”.

Bu videolar cəmiyyət arasında böyük çaşqınlıq yaratdı. Övladları cəbhədə olan valideynlərin narahatlığına səbəb oldu.

Bu tip insanlar sanki ölkədə təşviş yaratmaq, əhali arasında narahatlıq yaratmaqda maraqlıdırlar.

Dəfələrlə olub ki, hansısa bir xalq artistinin, məmurun, elm adamını ölüm xəbərini də paylaşıb yalan məlumatlar yayıblar.

Yəqin ki, bunu sırf baxış sayının çox olmasına və yaxud hansısa bir gəlir məqsədi ilə etmirlər. Çünki bu tip insanlara təkcə sosial şəbəkələrdə deyil, gündəlik həyatımızda da rast gəlirik. Məsələn, “yenidən müharibə olacaq, Bakıda terror hadisəsi baş verəcək” kimi xəbərləri də yayanlar az deyil.

Aydındır, bu şəxslərin bir çoxu xaricdədir və ayrı-ayrı dövlətlərin təhlükəsizlik qüvvələrinə bağlıdır. Məqsəd Azərbaycanda panika, xaos yaratmaq, cəmiyyəti təşviş içində saxlamaqdır.

Amma xeyli insan da var ki, bilərəkdən və ya bilməyərəkdən, heç bir məsuliyyət hiss etmədən bu yola əl atır.

Maraqlıdır, belə neqativ xəbərlər yaymaq bu insanlara nə qazandırır? Bunu psixoloji pozuntu hesab etmək olarmı? Ümumiyyətlə, insanlar arasında təşviş yaratmaq məqsədi ilə xəbər yaymaq, onların üzüntüsündən həzz almaq bir xəstəlikdirmi? Əgər xəstəlikdisə, belə xəstələrin müalicəsi varmı?

Mövzu ilə bağlı Publika.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, başqalarında təşviş, narahatlıq kimi emosional hal yaratmaq niyyəti şəxsin psixoloji portretidir.

“Xoşbəxt insanlar heç vaxt başqalarının həyatını müdaxilə etmirlər. Onlar üçün başqalarının həyatı maraqlı deyil. Xoşbəxt insanlar sevdikləri əmək fəaliyyəti ilə məşğul olur, başqalarını da xoşbəxt etmək, xoşbəxt görmək istəyirlər.

Başqalarında təşviş, narahatlıq kimi emosional hal yaratmaq niyyəti şəxsin psixoloji portretidir. Şəxs özü təşviş və narahat halda olduğu üçün bunu başqalarına da sirayət edir. Yəni şəxs narahat yaşayırsa, düşünür ki, hər kəs narahat olmalıdır. O təşvişdə olduğu zaman başqalarının da həyatında daimi təşviş mövqeyində olur. Ona görə də, onun psixoloji dəstək alması əsas meyardır”.

Psixoloq bildirdi ki, bu tip insanlarda hansısa psixoloji pozuntu olduğunu araşdırmadan deyə bilmərik.

“Hər hansısa psixodiaqnostik test aparmadan, klinik müşahidə aparmadan biz şəxslər haqqında qərar verə bilmərik. İlkin müşahidədə şəxsin psixoloji halının nizamsızlığını gördükdə mütəxəssisə müraciət etməliyik. Real həyatda olduğu kimi rəqəmsal dünyada da insanlar öz nifrətlərini ifadə edirlər. Nifrətin bir forması da başqalarının həyatına mane olmaq, başqalarının düşüncəsini zədələməkdir. Ona görə də, biz cəmiyyəti sağlam tutmaq istəyiriksə, cəmiyyətin sağlamlığını düşünürüksə, həmin şəxslərlə bağlı istər hüquq, istərsə də psixoloji müstəvidə addım atmalıyıq. Həmin şəxslərə yaxın olan şəxslər də o insanlar haqda düşünməlidirlər. Daimi olaraq başqalarında təşviş, hüzn yaratmaq istəyən insanları mütləq mütəxəssisə göstərmək lazımdır. Bu artıq onda patoloji haldır, bu hal olduğu zaman da, istər tibbi, istərsə də psixoloji dəstək alınmalıdır. Problemin aradan qaldırılması üçün həmin şəxsləri vaxtında aşkar olunub, ifşa edilməlidir”.