Ermənistan qorxu içində: Əliyev anklavlardan da böyük güzəştlər istəyir

0
196

Ermənistanın ictimai-siyasi dairələr Qranadada Azərbaycan prezidenti İlham Əliyevin iştirakı olmadan keçirilən dördtərəfli görüşü növbəti biabırçılıq kimi qiymətləndirirlər.

Qranadada Paşinyan növbəti dəfə imzaladığı bəyanatla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənilər Qərb platformasında imzalanmış bəyanatdan irəli gələn yeni ərazi itkiləri, anklavların geri qaytarılması haqda danışırlar.

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan “Hraparak”a müsahibəsində xatırladıb ki, düz bir il əvvəl bu gün Praqada keçirilən dördtərəfli görüşdən sonra Mişel Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Deputatın sözlərinə görə, Paşinyan 29 min 800 kvadrat kilometr ərazini tanımaqla Əliyevə Ermənistanın həmin kəndlərlə bağlı ambisiyalarının olmadığı barədə qanuni hüquq verib.

“Paşinyan dedi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Əliyev deməyib ki, Ermənistan ərazisini tanıyır. Əliyevin Qranadaya getməməsi o deməkdir ki, o, təkcə “artsax”ı istəməyib, həm də əlavə tələbləri var. O tələblər kağıza yazılana qədər o görüşə getmədi. Əliyev anklavlardan da böyük güzəştlər istəyir”, – deyə o bildirib. Baxmayaraq ki, anklavları itirmək Ermənistan üçün böyük güzəşt və fəlakət olacaq.

Xaçatryanın sözlərinə görə, Türkiyə və Azərbaycan Paşinyana birgə tələblər təqdim edirlər. Türkiyə erməni soyqırımının tanınması və pislənməsi siyasətindən əl çəkməyi, Birinci Respublikanın simvollarından istifadədən imtina etməyi tələb edir.

Artur Xaçatryanın sözlərinə görə, biz Ermənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsi ilə Qranadada Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun imzaladığı bəyanatın nəticələrini hiss edəcəyik. Deputatın sözlərinə görə, Əliyev anklavların qaytarılmasını tələb edəcək.

Xatırladaq ki, 2023-cü ildə mayın 22-də keçirdiyi mətbuat konfransında Paşinyan Azərbaycanın ərazi bütövlüyündə anklavları tanıdığını bəyan edib. “Anklavlar da 86,6 min kvadrat kilometr əraziyə daxildir”, – Paşinyan bildirib.