Ermənistan Qərbdən göstəriş aldı: Azərbaycana hücum edin

0
142

“Azərbaycan hakimiyyətinin ritorikası beynəlxalq hüquqa əsaslanan dünya nizamına, Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə , deməli, regionda uzunmüddətli sülh perspektivlərinə meydan oxumaqdır”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Zaqrebdə xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla keçirdiyi mətbuat konfransında deyib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyanın sözlərinə görə, İrəvanın Cənubi Qafqazda sabitlikdə maraqlı olan tərəfdaşları belə bir fikirdədirlər ki, sülh sarsılmaz səylər və real öhdəlik tələb edir.

İrəvanın mövqeyi aydındır və məlum prinsiplərə və razılaşmalara əsaslanır. Nazir bildirib ki, ölkələr birmənalı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsi sərhədlərin delimitasiyası ilə bağlı gələcək prosesin aydın əsaslarını qoymalıdır ki, bu proses Alma-Ata Bəyannaməsinə və Sovet İttifaqının ən son qanuni xəritələrinə əsaslanmalıdır.

“Biz əminik ki, regionda nəqliyyat kommunikasiyalarının açılması sabit dünyanın təşviqinə kömək edə bilər və hesab edirik ki, bütün infrastrukturlar qarşılıqlılıq prinsipi əsasında keçdikləri ölkələrin yurisdiksiyasında olmalıdır”, – Mirzoyan vurğulayıb.

Son vaxtlar Ermənistan rəhbərliyi ritorikasını dəyişib. İrəvan hər vəchlə sülh müqaviləsini imzalamaqdan yayınır. Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov da yerli mətbuata verdiyi açıqlamada təsdiqləyib. Bildirib ki, Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır, amma Ermənistan yox.

Lavrov onu da deyib ki, Ermənistan üçtərəfli bəyanatda göstərilən şərtlərə əməl etmək istəmir. Rusiya XİN rəhbəri vurğulamışdı ki, Ermənistan Qərbdən məsləhət alır.

Mirzoyanın Xorvatiyada Azərbaycana qarşı səsləndirdiyi cəfəng ittihamlar Lavrovun dediklərini təsdiq edir. Görünür, Qərb Ermənistana sülh müqaviləsinə imza atmamaq üçün göstəriş verib. Bəhanə də var: Azərbaycana hücum edin, ittiham səsləndirin.