Mövcud olmayan silahlar və ya monqol turistlərə monqol dublyonkası

0
451

Ermənilər bu gün xaricdən, xüsusilə də ərəb ölkələrindən investisiya axtarışına çıxıblar. BƏƏ, Misir, Livan kimi ölkələri cəlb etməklə onlardan investisiya əldə etməyə çalışırlar. Özlərində maliyyə imkanları olmadığına görə bu kimi ölkələrdən əldə etdikləri vəsait hesabına silah yaratmaq istəyirlər.

Bu fikirləri açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, bir məhsulun yaradılması böyük büdcə tələb edir və ermənilər də daha çox geridə qalmış ölkələri müştəri kimi cəlb etməyə çalışırlar:

“Çünki onların hazırladığı silahlar heç bir müasir standartlara cavab vermir. Zəif inkişaf etmiş ölkələrlə əlaqə qurmaq üçün Yerevan rəsmiləri beynəlxalq sərgilərdən istifadə edirlər.

Ermənilər beynəlxalq hərbi sərgilərdə o qədər də aktiv iştirak etmirlər. Bu il erməniləri iki beynəlxalq sərgidə müşahidə etdim. Bunlardan birincisi fevralda BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən IDEX-2019, digəri isə iyunun sonunda Moskvada baş tutan “Armiya-2019” hərbi sərgiləri idi”.

Ekspert bildirib ki, sərgidə ermənilərin məhsullarının böyük hissəsi maket halında nümayiş etdirilir.

“Əbu-Dabidə keçirilən sərgidə Ermənistan hərbi sənayesinin nümunələrini nisbətən yaxından müşahidə etdim. Orada kiçik bir stenddə öz məhsullarını nümayiş etdirirdilər. Stendə çıxardıqları məhsuldan çox özləri ilə qonaq gətirmişdilər.

Sərgi müddətində Ermənistanın müdafiə naziri David Tonoyan, həm də onun mətbuat katibi Artsrun Hovannisyan sərgidə şirkətlərin nümayiş etdirdiyi hərbi məhsulların önündə şəkil çəkdirmək və poz verməklə məşğul idilər. Daha çox öz stendlərinin qarşısında dayanan açıq-saçıq geyimli erməni qızlarla şəkil çəkdirirdilər”, – o əlavə edib.

R.Süleymanovun fikrincə, erməni nümayəndələr müasir silahlarla şəkil çəkdirməklə nə vaxtsa Rusiyanın təsirindən qurtularaq öz ordularında bu silahları görməyi arzu edirlər.

Ekspert qeyd edib ki, Ermənistanın sərgidə nümayiş etdirdiyi məhsullar o qədər də ciddi xarakterli deyil.

O, sərgidə Ermənistan stendinin qarşısında başına gələn maraqlı hadisəni də danışıb:

“Əbu-Dabidəki sərgidə onların məhsullarının broşürlərini götürəndə Ermənistan təmsilçisi mənim Azərbaycan nümayəndəsi olduğumu bilib etiraz etdi. Buna baxmayaraq, broşürləri götürə bildim. Silahların çoxu kağız üzərində olan və reallaşmayan layihə halındadır”.

“Moskvada baş tutan sərgidə də ermənilər daha çox şəkil çəkdirmək və ya özlərinin başqa stendlərdə çəkdirdiyi şəkilləri paylaşmaqla məşğul idilər.

Sərgilərdə aşkar görünürdü ki, digər dövlətlər daha innovasiyalı məhsulları qoyub Ermənistanın müasir tələblərə cavab verməyən silahları ilə maraqlanmaq niyyətində deyillər. Onların silahlarının Türkiyə, yaxud Ukrayna silahları ilə müqayisəsi absurd görünür.

Ermənistan ən yaxşı halda bu məhsulları Konqo, Uqanda kimi ölkələrə sata bilərlər. Müdafiə sənayesində innovativ texnologiyaları mövcud deyil. Onlar daha çox gördükləri silahların oxşarını yaratmağa çalışsalar da, bu da uğursuz alınıb. Ermənistanın müdafiə sənayesi sıfır vəziyyətindədir”, – R.Süleymanov deyib.

O bildirib ki, sərgiyə iştirakçı dövlətlərdən daha çox gənc mütəxəssislər qatılsa da, Ermənistan nümayəndə heyəti haqqında bunu demək olmaz:

“Onların sərgiyə gətirdiyi qonaqlar da yaşlı adamlardır. Təqribən 55-60 yaşlı erməni hərbçilər Ermənistan adından sərgilərdə çıxış edirlər. Erməni nümayəndə heyətinin tərkibində cavan olanlar yalnız stendin qarşısında dayanan erməni qızlardır. Bu da onu göstərir ki, Ermənistanda gənc nəslin silah sənayesinə marağı, demək olar, yox dərəcəsindədir. Digər ölkələrdən isə daha çox gənclər belə sərgilərdə aktiv iştirak edir”.

Ekspert sərgilərdə Ermənistanla bağlı daha bir maraqlı faktı açıqlayıb:

“Ermənilər sərgilərdə pilotsuz uçuş aparatlarının nümunələrini nümayiş etdiriblər. Təsəvvür edin, bütün PUA-larını Rusiyadan alan ölkə Rusiya bazarına pilotsuz uçuş aparatlarını nümayiş etdirməyə çıxarıb. Orada diqqətimi bir neçə model çəkdi. Bu modellər Rusiyanın “Zala” şirkətinin məhsullarının eynisi idi. Dizayn, format, kameralar – bütün cəhətləri eyni idi. Bu, “monqol dublyonkasını monqol turistlərə satmağa” bənzəyir.

Bir sözlə, Ermənistan Moskvadakı beynəlxalq sərgidə ən bərbad stendə sahib ölkə idi”.

Sonda müsahibimiz bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanın sərgidəki məhsullarına maraq çox böyük idi:

“Bizim silahlarımız dünyanın dörd qitəsində istifadə edilir. Hətta Rusiya nümayəndələri özləri Azərbaycanın müdafiə sənayesinin inkişafından heyrətə gəlmişdilər”.