Rəsmi İrəvan 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Qarabağ bəyannaməsini pozan təxribat xarakterli əməllərinə davam edir.
Günlərdir sərhəddə atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu gün saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbçisi məhv edilib.
Ermənistan Müdafiə Nazirliyi açıqlamasında cəbhədə intensiv döyüşlərin getdiyini, üç erməni hərbçinin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.
Daha sonra Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünün tərəfimizdən qəbul edildiyini bəyan edib.
Qeyd olunur ki, buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.