Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır – Qərbin qanlı planı

0
165

Nikol Paşinyanın Fransada səsləndirdiyi “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiası sadəcə erməni baş nazirin növbəti isteriyası yox, yeni müharibə ssenarisinin tərkib hissəsidir. Təsadüfi deyil ki, Nikolun iddiasını manşetlərə daşıyan Qərb mediası bundan anti-Azərbaycan kampaniyasında geniş şəkildə istifadə etməyə başlayıb. Məqsəd Ermənistanın hücuma keçməsindən öncə beynəlxalq ictimai rəyi “hücum edən tərəf Azərbaycandır” istiqamətinə yönəltmək və müharibəyə başlayanda “alibi” qazanmaqdır.

Bölgədə yeni müharibə ssenarisinin tətbiq edilməsi planı 2023-cü ilin 20 sentyabrından sonra – Azərbaycanın Qarabağda erməni separatizmini məhv edərək, suverenliyini bərpa etməsi ilə aktivləşdirildi. Bu, iki səbəbdən qaynaqlanırdı.

Birincisi, Qarabağda erməni separatizminin ləğvi Qərbin bölgədəki proseslərə müdaxilə üçün istifadə etdiyi kartın da sıradan çıxması ilə nəticələndi;
İkincisi, Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməyi hədəfləyən Qərbə yeni əsaslar lazım idi;

20 sentyabr 2023-cü il tarixindən sonra Qərb mediası – beyin mərkəzləri, media korparasiyaları və siyasi institutlar “Azərbaycan Ermənistana hücum edəcək”, “Ermənistanın işğalına hazırlıq gedir” kimi əsassız “proqnozlar”ı ictimaiyyətləşdirməyə başladı. Halbuki, əsas hədəfi ölkənin suverenliyinin bərpası olan rəsmi Bakı ən yüksək səviyyədə sülh dövrünün başlandığını elan edir, bundan sonra hərbi müstəvidə hansısa addımın atılmayacağını bildirirdi. Qərb isə Azərbaycanın bütün bəyanatları və səslənən iddialar haqda təkziblərinə qulaqlarını bağlamışdı, çünki yeni müharibəyə hazırlıq təbliğatı aparılırdı.

Həmi vaxt “Azərbaycanın Ermənistana hücumu” haqda iddialarda əsasən Zəngəzur dəhlizi layihəsinə istinad olunurdu. Hətta Lemkin İnstitutu “yaxın günlərdə, yaxud həftələrdə hücumun ediləcəyi” iddiası ilə müharibə mənasını verən “qırmızı bayraq” xəbərdarlığını etmişdi. Bununla yanaşı, fransalı rəsmilər, eləcə də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel heç bir əsas olmadan Azərbaycana “Ermənistanın ərazi bütövlüyü pozulmasının ağır nəticələrinin olacağı” haqda xəbərdarlıqlar ünvanlayırdı. Lakin bütün “proqnozları” alt-üst oldu, Azərbaycan hərbi müstəvidə heç bir addım atmadı, əksinə, “Ermənistana hücum” iddialarının istinad nöqtəsini də aradan qaldırdı: rəsmi Bakı bəyan etdi ki, Zəngəzur dəhlizi layihəsinin Ermənistandan keçən hissəsinə marağı azalıb və alternativ marşrutdan – İrandan istifadə etməklə bağlı razılaşma əldə olunub;

Bu, Ermənistanın və ona dəstək verən Qərbin bölgədə həm müharibə, həm də nəqliyyat dəhlizləri üzərindəki oyunlarını pozurdu. Bakının gedişi qarşısında “mat vəziyyəti”nə düşən Qərbdə “Azərbaycan hücum edəcək” iddialarını müəyyən qədər səngidi, lakin məsələnin başqa tərəfi də vardı: Ermənistanın Azərbaycana qarşı mümkün müharibəyə hazırlanması;

Bu planda Ermənistanın iki çətinliyi vardı.

1. Erməni ordusunun silahlandırılması: 44 günlük müharibədə ordusu daradağın edilən Ermənistanın təxribat törədəcəyi təqdirdə Azərbaycanın cavab addımları qarşısında duruş gətirməsi mümkün deyil;
2. 44 günlük müharibədən sonra həm Ermənistan daxilində, həm də diasporda mövcud olan revanşistlərlə Paşinyan hakimiyyətinin fikir ayrılıqları: Qərb mümkün müharibə ssenarisində ermənilər arasındakı fikir ayrılığına son qoymaq istəyir;

Qarabağda erməni separatizminin ləğvindən dərhal sonra Qərb Fransanın timsalında Ermənistanın müharibəyə hazırlanması prosesinə start verdi.

2023-cü ilin 23 oktyabrında Parisə səfər edən Ermənistan müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşdü və ikitərəfli hərbi müqavilələr imzalandı: razılaşmaya görə, Fransa Ermənistana silah-sursat verəcək, o cümlədən, erməni ordusuna təlimlər keçəcək;

Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan üç Ground Master 200 (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verir. Razılaşmada əks olunmasa da, “Bastion” texnikası da artıq İrəvana daşınıb. Bununla yanaşı, Fransa Hindistanın Ermənistana silahlar göndərməsinin də lobbiçiliyini həyata keçirir. İrəvan və Dehli arasında silahların alınması üzrə müqavilənin ümumi dəyərlərinin 1,5 milyard dollar olduğu deyilir. Bu məbləğin böyük hissəsi ya Fransa tərəfindən ödənilib, ya da birbaşa fransız şirkətlərinin istehsal etdiyi silahlar verilir. Misal üçün, Dehlinin İrəvana göndərmək üçün nəzərdə tutduğu “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır. Fransanın dəstəyi ilə Emənistana verilən hərbi texnika arasında artilleriya sistemləri, raketlər, PUA əleyhinə raket sistemləri və digər hücum silahları var. Bununla yanaşı, Fransa Senatı “Sezar” artilleriya sistemlərinin də Ermənistana verilməsi məsələsini qaldırıb. Cozef Borel isə ötən ilin noyabrında bəyan etdi ki, “Avropa Sülf Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsini nəzərdən keçirirlər”.

Ermənistan ordusunun hərbi arsenalını dolduran Fransa erməni hərbçilərin hazırlanması işini də üzərinə götürüb. Məlumatlara görə, erməni hərbçilər Fransanın 7 təlim düşərgəsində hazırlanır. Misal üçün, “CENTAC – Centre d’entrainement au combat”, “CES – Center d’entrainement des post de” belə düşərgələrdəndir.

Ermənistan ordusunu müharibəyə hazırlayan Qərb Azərbaycanla sərhəddə də mövqelərini gücləndirmək istiqamətində addımlar atmağa başladı:

– Avropa İttifaqı müşahidə missiyasının tərkibi 1500-ə qədər genişləndirildi, NATO üzvü olan qeyri-Avropa ölkələri də prosesə cəlb olundu, misal üçün, Kanada;
– Sərhəddə apardıqları müşahidələrdə əvvəllər “neytral” mövqe sərgiləməyə çalışan Aİ müşahidəçiləri açıq şəkildə Ermənistanın mövqeyindən çıxış etməyə başladı;
– Bu ilin 3 fevral tarixində Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyer Azərbaycanla sərhədə gəldi və eyni gündə Azərbaycana qarşı casusluq fəaliyyətini həyata keçirən Çexiya vətəndaşı sərhəddə ələ keçirildi;

Ermənistanın silahlanması və Qərbin bölgədə mövqelərini gücləndirməsi prosesində ciddi irəliləyişlər əldə etdikdən sonra eskalasiya planı 14 fevralda – Zəngilan istiqamətində praktiki mərhələyə keçirildi. Məqsəd Azərbaycanın cavab addımlarına zəmin yaratmaq və rəsmi Bakını “hücum edən tərəf” kimi göstərmək idi. Bunun üçün təxribat hücumu Ermənistan Müdafiə Nazirliyinə bağlı qüvvələr yox, könüllülər adlandırılan “Yerkrapa” terror təşkilatına həvalə olunmuşdu. Bununla rəsmi İrəvan təxribat hücumuna görə məsuliyyətdən yayınmağı düşünürdü, verdikləri açıqlamalar da bu yöndə idi.

Zəngilan istiqamətində təxribatla Zəngəzur dəhlizi layihəsinin “təhlükəli” olduğunu göstərmək, o cümlədən, sərhədin bu istiqamətində dayanan Rusiya sərhədçilərini Aİ müşahidəçiləri ilə əvəzləmək hədəfləri də plana daxil ola komponentlərdəndir. Zəngilan təxribatından sonra sərəhədboyu ərazilərdə erməni təxribatları intensivləşməyə başladı. Lakin Azərbaycan ordusu cavab tədbirlərinə əl atmadı, çünki bütün bu təxribatlar son beş ayda sərhəddə hökm sürən sabitliyi pozmaq və “Azərbaycanı hücum edən tərəf” kimi göstərmək məqsədi daşıyır.

Ermənistanın təxribat planı iki hədəfə də hesablanmışdı:

– Prezident İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyanın Münhen görüşü öncəsi sərhəddə vəziyyəti gərginləşdirməklə, “güzgü prinsipi”ni – qoşunların geri çəkilməsi təkliflərinin “əhəmiyyətini” ispatlamaq istəyirdilər.
– Ermənistana təhlükənin olduğunu göstərməklə, Fransanın bu ölkəyə hərbi yardımının “vacibliyinə” haqq qazandırmağa çalışırlar;

Və Paşinyanın Fransaya səfəri yeni müharibə planını açıq müstəvidə ortaya çıxardı. Makronla görüşdə sülh prosesinin üzərindən xətt çəkən erməni baş nazir müharibə ritorikasını işə saldı. Onun Fransa səfərindən dərhal sonra İrəvana gələn Fransa müdafiə naziri Sebastyan Lekornunun özü ilə “müharibə planı”nı da gətirdiyini demək mümkündür.

a) Lekornunun nümayəndə heyətində Fransanın MBDA, Nexter, Safran, Thales və Arquus kimi silah şirkətlərinin nümayəndələri də təmsil olunurdu: onlar Ermənistana silah satışına dair sazişləri imzalamaq üçün gəlmişdilər;
b) Fransa Ermənistana verilən silahların “müdafiə xarakteri” olduğunu iddia etsə də, hücum silahlarının verilməsi faktının gizlədildiyi şübhəsizdir: İrəvanda saziş imzalayan Fransa silah şirkətlərinin nümayəndələrinin adlarının gizlədilməsi də bu kontekstdə təsadüfi deyil;
c) Lekornu bəyan etdi ki, Ermənistana yaxın, uzaq və orta mənzilli raket sistemləri verə bilərlər: məlumatlara görə, söhbət əvvəlcə orta mənzilli “Crotale” və “Roland” raketlərinin, daha sonra SAMP/T uzaqmənzilli sistemlərin verilməsindən gedir;
ç) Fransa Ermənistana Azərbaycanla bağlı kəşfiyyat məlumatlarını ötürəcək;

Ermənistanın silahlandırılmasını həyata keçirən Fransa yeni müharibəyə başlamaq üçün digər çətinliyi – revanşistlər və daşnaklarla Paşinyanı barışdırmaq planını da həyata keçirir. Paşinyan Parisdə olarkən, Makronun onunla Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanı bir araya gətirməsi də buna hesablanıb. Məlumatlara görə, “barışdırma” prosesi davam edir.

Bütün proses bölgədə Ermənistanın təxribat hücumları ilə Azərbaycana qarşı müharibəyə başlayacağından xəbər verir. Paşinyanın “Frans24” kanalına müsahibəsi yeni müharibə planının şifrələrini də açdı. Erməni baş nazirin Parisdə Fransa telekanalına verdiyi müsahibə iki ölkə üzərində qurulmuşdu: Azərbaycan və Rusiya;

– “Azərbaycanı Ermənistana yeni hücuma hazırlıqda” ittiham etdi;
– Rusiyanı Ermənistanı qorumamaqda günahlandırdı və KTMT-də fəaliyyətlərini dondurduqlarını açıqladı;

Bu iki fikir bir-birinə bağlıdır və hadisələrin inkiaşf istiqaməti də bəllidir: Ermənistan sərhədboyu ərazilərdə Azərbaycan ordusuna hücum edəcək və bunu beynəlxalq ictimaiyyətə “Azərbaycan hücum edir” formasında servis etməyə çalışacaqlar.

Bu təxribat planının arxasında iki əsas hədəf dayanır.

Birinci hədəf Ermənistan-Azərbayca danışıqlarında İrəvanın gündəliyinin aktuallaşdırılmasıdır:

– Ermənistan ordusunun sərhəddə hərbi üstünlük qazanmasına nail olmaq;
– Sərhəd eskalasiya ilə “güzgü prinsipi”ni aktuallaşdırmaq;
– Sülh danışıqlarında mövcud gündəliyi arxa plana keçirmək və yeni şərtlər yaratmaq, bu şərtlərdə erməni gündəliyini irəli sürmək;

İkinci hədəf Qərbin Rusiyanı Ermənistandan çıxarmaq və onun yerini tutmasıdır:

– Azərbaycana qarşı təxribatla başlanacaq yeni müharibədə Ermənistan Rusiya və KTMT-nin öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, təşkilatdan çıxacaq və rus qoşunlarının ölkədən çıxarılmasını gündəmə gətirəcək;
– Rusiyanın Ermənistanın “təhlükəsizliyində” boşalan yerini başda Fransa olmaqla Qərb qüvvələri tutacaq;

Hər iki plan bir-birinə bağlıdır. Paşinyanın da Fransada verdiyi müsahibədə Azərbaycan və Rusiyanı eyni anda hədəfə alması bu planın tərkib hissəsidir.

Tarix təkrarlanır. XX əsrin əvvəlində Osmanlı imperiyasına qarşı istifadə edilən ermənilər indi Rusiyaya qarşı istifadə edilir. Və bu planın Cənubi Qafqaza yeni müharibə gətirəcəyi gözləntisi böyükdür.