Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər – Bakının PLANI

0
206

Son proseslər fonunda Ermənistan hakimiyyətinin Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması ilə bağlı mövqeyinin qətiləşdiyini demək mümkündür. Paşinyanın çıxışları erməni ictimaiyyətinə real vəziyyətin izah edilməsi idi. Erməni cəmiyyəti də baş nazirin anonsunu verdiyi mümkün müharibədən çəkindiyi üçün müxalifətin arzuladığı “müqviməti” göstərməyəcək.

İndi əsas suallardan biri 4 kəndin nə vaxt qaytarılacağıdır?

Ermənistan mediası Paşinyanın komanda üzvləri ilə qapalı görüşdə kəndlərin yaxın günlərdə qaytarılmasından bəhs etdiyini yazır. Görüşdə iştirak edən hakim “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Minasyan isə “konkret tarixdən” bəhs edilmədiyini desə də, onu da qeyd edib ki, “illərlə vaxtımız yoxdur və biz müəyyən müddət ərzində bu problemi həll edə biləcəyik”.

Prosesin uzunmüddətli olmayacağı gözləntisi çoxdur:

– İrəvan anlayır ki, Bakı onun bu məsələdə imitasiya etdiyini anlayarsa, hərbi varianta əl ata bilər;
– Ermənistan 4 kəndin qaytarılmasından sonra Tavuş istiqamətində delimitasiya prosesini başlatmaq və istədiyi “güzgü prinsipi” (qoşunların geri çəkilməsi) məsələsində praktiki irəliləyişə nail olmaq istəyir: Paşinyanın Tavuşda ermənlərlə görüşdə dediklərindən belə anlaşılırdı ki, tərəflərin təmaslarında kəndlərin qaytarılmasından sonra bu məsələnin müzakirə mərhələsinə keçə biləcəyi istisna edilməyib;
– Sülh sazişində müəyyən irəliləyişlərin edilməsi istəkləri var və əsas problemlərdən biri də sərhədin delimitasiyasına dair fikir ayrılığıdır: istisna deyil ki, tərəflər kəndlərin qaytarılmasından sonra delimitasiya ilə bağlı irəliləyişə nail olmaq haqda ortaq mövqeyə gəliblər;

Bu amillər 4 kəndin təhvil verilməsinin yaxın dövrdə reallaşmasının mümkün olduğu fikrini ön plana çıxarır.

Bağanis Ayrım 1990-cı ilin 23-24 mart, Xeyrimli 1992-ci ilin 8 mart, Qızılhacılı 1992-ci ilin 11 may, Aşağı Əskipara 1992-ci ilin 14 iyun tarixində işğal edilib. Bu kontekstdə rəsmi Bakının 4 kəndin 14 iyun – Aşağı Əspikara kəndinin işğal ildönümünə qədər qaytarılmasına çalışacağı ehtimalını irəli sürmək mümkündür.