Ermənilərlə informasiya savaşına hazır olmalıyıq!

0
399


UNESCO-nun 43-cü Bakı zirvəsi əleyhinə ermənilərin növbəti təxribat cəhdi…

İNK baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov: “Ermənistan UNESCO-da bu iddianı irəli sürməklə Azərbaycan haqda “təhlükəli ölkə” imicini yaratmaq məqsədi güdüb, amma bu dəfə də onlar fiaskoya uğrayıblar”

Ötən ilin sonunda Parisdə UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyası keçirilib. Sessiyada Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edib.

Mədəniyyət Nazirliyindən mətbuata verilən məlumata görə, Ümumdünya İrs Komitəsinin sədri kimi nazir Əbülfəs Qarayev 2018-2019-cu illər ərzində görülən işlər və komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edib.

İclasda Ermənistan nümayəndə heyəti, hər zamankı kimi, təxribata əl atıb. Erməni nümayəndə heyəti əsassız olaraq iddia edib ki, bu ölkənin nümayəndələri üçün təhlükəsizlik şərtləri təmin edilmədiyindən, komitənin Bakıda keçirilmiş sessiyasında iştirakları mümkün olmayıb.

Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab olaraq bildirib ki, komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESCO ilə Azərbaycan Hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib və bu çərçivədə Azərbaycan UNESCO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib.

Ekspertlərin fikrincə, Ermənistanın iddiası quru böhtandan və Azərbaycanın evsahibliyi ilə keçirilən beynəlxalq tədbirlərə kölgə salmaq cəhdindən başqa bir şey deyil. Onlar vurğulayırlar ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir. Azərbaycanda keçirilən tədbirlərə UNESCO rəhbərliyi və iştirakçıları tərəfindən yüksək qiymət verildiyini deyən ekspertlər hesab edirlər ki, ermənilərin hansısa bir fikir bildirməsi təxribatdan başqa bir şey deyil.

“Saxtakarlıq, yalançılıq ermənilərin xislətində olduğu üçün, onlar…”
Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, Azərbaycan dünyanın intellektual beyin mərkəzlərindən birinə çevrilməkdədir: “Bu gün müxtəlif beynəlxalq tədbirlərin, beynəlxalq qurumların sammitlərinin, zirvə görüşlərinin, baş idarəetmə orqanlarının iclaslarının, dinlərarası və mədəniyyətlərarası forumların məhz Azərbaycanın evsahibliyi ilə keçirilməsi bir daha onu sübut edir ki, Azərbaycanda təhlükəsizlik, sabitlik ən yüksək səviyyədə qorunur. Xatırlayıram ki, Dünya Dini Liderlərinin Birinci Sammitində iştirak etmək üşün ermənilərin dini liderləri də Bakıya gəlmişdi. Eyni zamanda, Birinci Avropa Oyunlarında, digər idman yarışlarında erməni əsilli idmançılar, Ermənistanı təmsil edən təmsilçilər iştirak ediblər. Ermənistandan və dünyanın başqa yerlərindən Bakıya, eləcə də Azərbaycanın digər yerlərinə gələn ermənilər ölkəmizdə sərbəst gəzib-dolaşıblar, onlara “qaşın üstə gözün var” deyən olmayıb. Bakıya gələn ermənilər üçün heç bir ictimai təhlükə olmadığı halda, yenə də Azərbaycan dövləti onların mühafizəsini təşkil edib, aidiyyəti qurumların təmsilçiləri onları mühafizə etmişdi. Bilirsiniz ki, hazırda Dağlıq Qarabağda 10 minlərlə erməni vətəndaşımız yaşayır, eyni zamanda, Bakının özündə 20-30 min nəfər erməni var, onlar Azərbaycan vətəndaşlarıdır. Bu insanlara toxunan yoxdur. Bu baxımdan, hesab edirəm ki, Ermənistanın əndişəsi tamamilə əsassızdır. Ermənistan UNESCO-da bu iddianı irəli sürməklə Azərbaycan haqda “təhlükəli ölkə” imicini yaratmaq məqsədi güdüb, amma bu dəfə də onlar fiaskoya uğrayıblar. Çünki Azərbaycanda bütün xalqların, dinlərin təmsilçilərinə müsbət münasibət var. Bilirsiniz ki, bir neçə ay əvvəl UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsini həzm edə bilməyən ermənilər özləri bu tədbirə qatılmadılar. Çünki onlar yaxşı bilirdilər ki, Bakı Sammitində onlara dünya ölkələrinin təmsilçiləri çoxlu sual ünvanlayacaq, işğal altında olan torpaqlarımızdakı vandalizmə məruz qalan abidələrimizin taleyi ilə bağlı cavab tələb edəcəklər. Ona görə də onlar Bakı Sammitinə qatılmaqdan imtina etdilər. Eyni məsələ erməni katolikosu ilə bağlı yaşandı. Erməni katolikosu Qaregin də bu günlərdə Bakıda keçirilən Dünya Dini Liderlərinin II Bakı Sammitinə qatılmadı. Erməni təmsilçiləri hər dəfə bu kimi sammitlərə, zirvə görüşlərinə qatılarkən saysız haqlı sualla üzləşirlər, bu səbəbdən də onlar Azərbaycana gəlmirlər. Azərbaycanda ermənilər üçün heç bir təhlükə yoxdur, onlar indiyə qədər burada özlərinə qarşı hər hansı bir təpki, hədə görməyiblər. Saxtakarlıq, yalançılıq ermənilərin xislətində olduğu üçün, onlar hər cür uydurma düşünür və hətta onu beynəlxalq tədbirlərdə, iclaslarda da səsləndirməkdən çəkinmirlər. Ermənilər bu iddianı irəli sürməklə Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərlərinə, eləcə də sabitliyinə, təhlükəsiz bir ölkə olmasına kölgə salmaq istəyirlər”.

A.X.Əbilov qeyd etdi ki, bir neçə gün əvvəl beynəlxalq missiyanın təşkilatçılığı ilə Azərbaycana gələn erməni jurnalistlər həm Bakıda, həm də digər şəhərlərimizdə sərbəst gəzib-dolaşıb, şəkil çəkdirib, onlara qarşı burada hər hansı bir təhlükə olmayıb. Bu halda, erməni nümayəndə heyətinin UNESCO-nun iclasında səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu deyən A.X.Əbilov hesab edir ki, onlar bununla həm də öz işğalçılıqlarını ört-basdır etmək istəyirlər.