Ermənilərin yaraladığı şəxs “Bakcell”in əməkdaşıdır: Cinayət işi açıldı – YENİLƏNİB

0
327

Dekabrın 29-u saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilir ki, ilkin araşdırmalarla “Bakcell” MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

09:16

Ötən gün axşam saatlarında Ağdamda “Azercell” əməkdaşının qanunsuz erməni silahlı qruplaşmalarının açdığı atəşdən yaralandığına dair məlumatlar yayılır.

Belə ki, Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Rəhimlinin erməni silahlıları tərəfindən açılan atəş nəticəsində qolundan yaralandığı iddia edilir.

Məsələ ilə bağlı “Azercell Telekom” MMC-dən bildirilib ki, nə “Azercell”, nə də ki “Azercell” ilə əməkdaşlıq edən 3-cü tərəf şirkətlərin əməkdaşları arasında yaralanan və ya xəsarət alan yoxdur:

“Cəbhə xəttinə aid məlumatları ilk növbədə müvafiq dövlət qurumları ilə təsdiqləməyi və yalnız rəsmi mənbələrə istinadən xəbər paylaşmağı tövsiyə edirik. Qeyd olunan məsələyə gəldikdə isə hər bir halda, əgər hadisə baş veribsə, kimliyindən və hansı qurumda çalışmasından asılı olmayaraq, zərərçəkən həmvətənimizə tezliklə şəfa və can sağlığı arzu edirik”.