Xəbər verildiyi kimi, BMT-nin Beynəlxalq Məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddialarla bağlı dinləmələr keçirilib. Ermənistanı təmsil edən Linos-Aleksandr Sitsilianos bildirib ki, Azərbaycan Xankəndidə küçələrdən birinin adını dəyişərək “erməni soyqırımının” memarlarından biri olan Ənvər Paşanın şərəfinə adlandırıb, Azərbaycan əsgərləri isə Ənvər Paşanın fotosu və üzərində “erməni, qaçma, onsuz da yorğun öləcəksən” yazısı olan şevronlardan istifadə edirlər. “Erməni simvolları dağıdılır, xaçlar uçurulur, monastırlar məhv edilir”-deyən Siciliyaos əlavə edib ki, Beynəlxalq konvensiya mədəni irsi qoruyur, lakin buna baxmayaraq, Azərbaycan Xankəndi yaxınlığında ucaldılmış erməni xristian xaçını uçurublar.
Faktyoxla Lab. erməni tərəfinin bu iddialarından birini- Xankəndi yaxınlığında quraşdırılmış “xaçın” sökülməsi faktını araşdırıb.
“Geriyə axtarış” metodu ilə araşdırma apararkən bəlli olur ki, doğrudan da 2017-ci ilin may ayında Xankəndi yaxınlığındakı Şuşa rayonunun Daşkənd (ermənilər Daşuşen adlandırırlar-red.) kəndindəki təpələrdən birində 50 metr hündürlüyündə “dəmir xaç” quraşdırıblar. Ermənilər Qarabağda həlak olmuş erməni terrorçuların şərəfinə ucaldıldığı deyilən bu “dəmir qurğuya” Avropanın ən hündür 2-ci “xaç abidəsi” adı verərək reklam ediblər.
Lakin araşdırma zamanı bəlli olub ki, bu dəmir qurğu təqdim edildiyi kimi tarixi abidə deyil, adi mobil rabitə operatorunun anten-ötürücüsüdür. Bu faktı bir neçə mənbə ilə təsdiqləmək mümkündür.
Mənbə1. “Sputnik Armenia”-nın 27 sentyabr 2023-cü ildə yaydığı xəbərdə deyilir ki, Azərbaycan KİV “Karabakh Telecom” adlı mobil rabitə operatorunun fəaliyyətinin dayandırılması haqda məlumat yayırlar. Saytın həmin xəbərində qeyd olunur:
“Sosial şəbəkələrdə Xankəndi (Daşkənd kəndi) yaxınlığında 50 metrlik xaçın sökülməsi haqda görüntülər yayılıb. Bu “xaç” əslində mobil rabitə operatorunun ötürücüsü funksiyasını daşıyırdı”
Mənbə 2. “JAMnews” saytı 30 sentyabr 2023-cü il tarixində dərc etdiyi məqalədə Qarabağ probleminin həll olunub-olunmaması ilə bağlı hər iki tərəfin nümayəndələrindən münasibət öyrənib. Arşalyus Arutunyan adlı Xankəndi sakini ilə söhbətdə A.Arutunyan mobil rabitə ilə bağlı çətinliklərin yaşandığını deyib. Məqalədə yazılıb: “Bu material hazırlanarkən məlum oldu ki, Azərbaycan tərəfi “Karabakh Telecom”un fəaliyyətini dayandırıb. Verilən məlumatlara görə, Azərbaycan Xankəndi yaxınlığında 50 metrlik “xaçı” söküblər. Bu “xaç”, həm də “Karabakh Telecom”un ötürücü qülləsi idi”.
Digər tərəfdən fotoya diqqət edilərsə, xaç formasında düzəldilən antenanın ikincisini eyni xətt üzrə Daşkənd kəndindən yuxarda, dağın üstündə də görmək mümkündür. Sadəcə 2-ci antenaya əlavə xərc çəkilməyib deyə adi dəmir konstruksiya formasında görünür.
Bu fotoda isə “abidənin” mobil ötürücü bazaya xas qurğularla necə “təmin olunduğu” görünür.
Əlavə olaraq qeyd edək ki, Beynəlxalq Məhkəmədə Azərbaycanı təmsil edən, hüquqşünas Stefan Talmon çıxışında Xankəndi yaxınlığında quraşdırılan “xaç”a da toxunub. Avropalı hüquqşünas bildirib ki, erməni tərəfi bunun dini simvol olduğunu və azərbaycanlıların xristianlığa qarşı hörmətsizlik nümayiş etdirərək onu sökdüklərini iddia edib. Stefan Talmon “Əslində bu, dini obyekt deyil, qovulan Azərbaycan müsəlmanlarının məğlubiyyətini simvolizə edən “güc və hakimlik” simvoludur”-deyərək abidənin Qarabağda həlak olan erməni terrorçuların şərəfinə ucaldılmasına işarə vurub.
Qeyd edək ki, 2002-ci ildə Livan ermənilərin investisiyası ilə “Karabakh Telecom” Azərbaycan ərazisində 20 il qanunsuz mobil telefon və internet xidməti göstərən şirkətlərdən biri olub. Şirkətin ilkin qurucusu Livan vətəndaşı Pyera Fatuş olub. 2019-cu ildə Arayik Arutyunyan “Karabakh Telecom”u öz biznesinə qatıb və P. Fatuş Qarabağdan gedib.
Xatırladaq ki, sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni nümayəndələri görüş zamanı Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görülməsini xahiş etmişdilər.
Nəticə:
– Ermənistanın BMT Beynəlxalq Məhkəməsində qaldırdığı “Xankəndi yaxınlığında ucaldılmış erməni xristian “xaçının” sökülməsi” iddiası spekulyasiya faktıdır.
– “Xaç” formasında olan dəmir qurğu abidə deyil, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom”-un ötürücü antenasıdır.