Fransada Azərbaycan mədəniyyətinə qarşı vandalizm həyata keçirilir: 2015-ci ildə İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Evian-le Ba şəhərinin meriyası 2017-ci ildə açılan “Azərbaycan parkı”nda bütün yazıların yığışdırılması qərarını qəbul edib. Eynin zamanda, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinin götürülməsi gündəmə gəlib.
Bu, etnosidin (mədəni soyqırımı) başqa formada həyata keçirilməsidir və məşhur “güllələnmiş heykəlləri” xatırladır. Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan Üzeyir Haclbəyli, Bülbül və Natəvanın heykəllərini gülləboran etmişdi. Və işğal dövründə Azərbaycan mədəniyyətinə qarşı beynəlxalq miqyasda müqayisəsi olmayan dərəcədə soyqırımılar törətdilər, eyni vandallıq Qərbi Azərbaycanda bu gün də davam etməkdədir.
Natəvanın heykəlini güllələyən ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri etnosid bu gün Fransada davam etdirilir. “Le Messager” nəşrinin məlumatına görə, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə “Azərbaycan parkı” yazılan bütün lövhələrin götürülməsini tələb ediblər. Şəhər meri Jozian Leyin də bildirib ki, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Növbəti vandallığı məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı törətməyə hazırlaşırlar.
Bu vandallığın əsas səbəbi Fransanı əsir alan “erməni sevgisi”dir. Bunu Evian-le Ba şəhər merinin müavini Jan-Pyer Amadio da təsdiqləyib. Xurşidbanu Natəvanın abidəsinin müdafiəsinə qalxan Jan-Pyer Amadio bildirir ki, o, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib.
“Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”, – Amadio deyib.
Göründüyü kimi, ermənilər Azərbaycana qarşı törətdiyi mədəni soyqırımı Fransada da davam etdirir. Və təbii ki, bu vandalizmin arxasında digər səbəblər də var.
Birincisi, Fransada son vaxtlar hökm sürən şovinizm, ksenefobiya və digər mədəniyyətlərə qarşı dözümsüzlükdür.
Fransa bu siyasəti həm ölkə daxilində, həm də xaricdə həyata keçirir. Ölkə daxilində miqrantlara, xüsusilə müsəlman olanlara qarşı irqçi yanaşma dövlət səviyyəsinə yüksəlib, qeyri-fransız olaraq qəbul etdikləri insanların ənənələrindən tutmuş, həyat tərzinə qədər hər şeyinə müdaxilə edilir. Bu gün Fransada Oksitan və Breton kimi milli azlıqlar mədəni soyqırımı ilə üz-üzə qalıb. Eyni siyasət xaricdə də aparılır, əsasən də Fransanın keçmiş müstəmləkə ölkələrində. Bu kontekstdə “Azərbaycan parkı”na və Natəvanın heykəlinə qarşı irqçi yanaşma təsadüf deyil. Bu, Fransanın gerçək simasıdır.
İkincisi, Fransa hakimiyyətinin Azərbaycana qarşı düşmən mövqeyi mədəniyyətimizi hədəfə çevirib.
Ermənistanın maraqlarını qeyd-şərtsiz dəstəkləyən Makron hakimiyyətinin Azərbaycana qarşı əsassız təzyiq siyasəti yürütdüyü sirr deyil. Hərçənd, rəsmi Bakının milli maraqlara əsaslanan siyasəti Fransanın Cənubi Qafqazda mövqelərinin zəifləməsinə səbəb olub, bununla yanaşı, Afrikada Fransa müstəmləkəsində olmuş xalqlar Azərbaycanı xilas məkanı olaraq görür. Son dövrlər Bakıda təşkil edilən neokolonizmə qarşı beynəlxalq konfranslar və onun iştirakçıları bunun əyani nümunəsidir. Baş verənlər Parisdə qəzəblə qarşılanır və Azərbaycana qarşı ən müxtəlif formalarda nəsə etməyə çalışırlar, hətta azərbaycanlı jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırılmasına qədər. Evian-le Ba şəhərində “Azərbaycan parkı” yazılan lövhələrin sökülməsi, Xurşidbanu Natəvanın abidəsinin hədəfə alınması da bu siyasətin davamıdır.