Noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində ermənilər həbsdə olan separatçıların “qaçırılması ssenarisi” üzərində müzakirələr aparır. Söhbət azad edilməkdən yox, məhz “qaçırılmaqdan” gedir, çünki hədəf rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək, nəticədə separatçıları sərbəst buraxmasına məcbur etməkdir.
Xankəndidən İrəvana qaçan separatçılardan biri Artak Beqlaryan da bu haqda təkliflərlə çıxış edib.
O bildirir ki, Azərbaycan separatçıları həbsdən azad etməyəcək, buna görə lazım olan hər şey edilməli, hətta “qaçırılma planı” da hazırlanmalıdır. Separatçı “qaçırılma planı” olaraq beynəlxalq təzyiqi nəzərdə tutur.
“Azərbaycan beynəlxalq təzyiqdən praktiki olaraq yayına bilməyəcək. Biz 8 nəfərlik “rəhbərliyin” (separatçılar-red), eləcə də digərlərinin sərbəst buraxılması üçün hər şey etməliyik. Bunun üçün iki variant var. Birincisi, beynəlxalq təzyiqdir, ikincisi Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasıdır. COP-29-a qədər Ermənistanın həm beynəlxalq təzyiqi gücləndirmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir”, – o bildirib.