Erməni təxribatlarının doğurduğu REALLIQ: “Münaqişə yenidən alovlana bilər” – FOTO

0
183

Noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində piyada əleyhinə mina sahəsi aşkarlandı. Müdafiə Nazirliyinin məlumatına əsasən, 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd “PMN-Э” tipli mina təhlükəsizlik qaydalarına əməl edilməklə zərərsizləşdirildi. 

Görünən odur ki, Üçtərəfli Bəyanatın imzalanmasından iki il ötməsinə baxmayaraq, Ermənistan hələ də münaqişə arzusundadır. Hazırda Gümrüdəki zavodda mina istehsalı sürətlə davam etdirilir və bölgədə Rusiya sülhməramlıları fəaliyyət göstərdikləri halda, həmin minalar rahatlıqla Azərbaycan ərazilərinə basdırılır. 

Baş Prokurorluğun məlumatına görə, Vətən müharibəsi başa çatdıqdan sonra 119-u mülki vətəndaş, 148-i isə hərbi qulluqçu olmaqla 267 nəfər minaya düşüb. Nəticədə 44 nəfər həyatını itirib. Onlardan 35-i mülki şəxs, 9-u isə hərbçi olub. Qalan 223 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Baş verənlərdən də məlum olur ki, yekun sülh müqaviləsinin əldə oluna bilməməsinin əsas səbəbi Ermənistanın təxribat əməllərindən çəkinməməsi və Rusiya sülhməramlılarının erməni separatçılarının məkrli planlarına göz yummalarıdır.

Mövzu ilə bağlı danışan politoloq İlqar Vəlizadə hesab edir ki, regionda sülh və dayanıqlı təhlükəsizlik təmin edilməlidir:

“Çünki bunlar olmasa, yenidən münaqişə alovlana, iqtisadi və siyasi proseslər tam başqa istiqamətə yönələ bilər. Bu isə Azərbaycan, Rusiya və digər aparıcı oyunçular üçün yolverilməzdir. Əgər destruktiv qüvvələr Qarabağda fəaliyyət göstərməyə davam edərlərsə və orada təxribatlar baş verərsə, Azərbaycan onların bu hərəkətlərinə güc yolu ilə cavab verməyə məcbur olacaq. Bu da istər-istəməz Azərbaycanla Rusiya arasında müəyyən gərginliyin yaranmasına gətirib çıxaracaq. Lakin regionda gedən proseslərin və kommunikasiya xətlərinin açılmasıyla bağlı yeni perspektivlərin olması fonunda Rusiya üçün Azərbaycanla gərginlik sərfəli deyil. Ona görə də düşünürəm ki, Rusiya praqmatik əsaslarla bu məsələyə baxsa, təxribatların qarşısını almalı olacaq”.

Ekspert vurğulayıb ki, təxribatların qarşısı alınmasa, yeni münaqişə alovlana bilər:

“Təxribatları Rusiya sülhməramlıları önləməsələr, Azərbaycan işə əl atmağa məcbur olacaq. Fikrimcə, sonda praqmatik reallıqlar öz sözünü deyəcək və regiondakı proseslər sülh yolu ilə tənzimlənəcək. Düzü, hazırkı siyasi və iqtisadi dinamika ondan xəbər verir ki, heç Ermənistan da münaqişədə maraqlı deyil. Qarabağda fəaliyyət göstərən, aktivlik nümayiş etdirmək istəyən qüvvələrə qarşı müəyyən antiterror tədbirləri görülməlidir. Bu, qaçılmazdır. Onlar düşünməlidirlər ki, təhlükəli oyunları öz planlarının üstündən xətt çəkə bilər”.

Sayad Həsənli